Xəbərlər

AVROPA ŞURASININ AZƏRBAYCAN ÜÇÜN 2014-2016-CI İLLƏR ÜZRƏ FƏALİYYƏT PLANININ TƏRKİB HİSSƏSİ OLAN “AVROPA İNSAN HÜQUQLARI KONVENSİYASI VƏ AVROPA İNSAN HÜQUQULARI MƏHKƏMƏSİNİN PRESEDENT HÜQUQUNUN TƏTBİQİ” LAYİHƏSİNİN TƏQDİMATI KEÇİRİLMİŞDİR

2015-02-24

Ötən müddətdə ölkəmizin AŞ və onun struktur qurumları ilə əməkdaşlıq münasibətləri yüksələn xətlə dinamik inkişaf etmiş, Avropa ekspertlərinin iştirakı ilə Azərbaycanda mütərəqqi genişmiqyaslı islahatlar həyata keçirilmiş və bir çox mühüm nailiyyətlər əldə olunmuş, cari ilin mayında AŞ Nazirlər Komitəsinə sədrlik Avstriyadan Azərbaycana keçmişdir. Eyni zamanda, Azərbaycan və AŞ-nın birgə təşəbbüsü ilə gələcək strateji prioritetləri müəyyən edən bu mötəbər təşkilatın 2014-2016-cı illər üzrə ölkəmiz üçün Fəaliyyət Planı hazırlanaraq qəbul olunmuşdur. Fəaliyyət Planının qəbul olunması Azərbaycan və Avropa Şurası arasında ikitərəfli münasibətləri yeni mərhələyə yüksəldmiş, ölkəmizdə demokratiyanın daha da inkişafına, insan hüquqlarının etibarlı təminatına və qanunun aliliyinə mühüm tövhə olmuşdur.

 

Cari ilin fevral ayının 24-də Hayat Regency mehmanxanasında Fəaliyyət Planının hayata keçirilməsinə dair layihənin müzakirəsi keçirilmişdir. Tədbirdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İnsan Hüquqları və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi  Faiq  Qurbanov,  Avropa İttifaqının Nümayəndəsi Jeron Villems,  Avropa Şurasının Azərbaycandakı Ofisi rəhbərinin müavini Teymur Məlik-Aslanov,  Avropa Şurasının departament rəhbəri Mixail Lobov açılış nitqi ilə çıxış etmişlər. Daha sonra   2014-2016-cı illər üzrə fəaliyyət planının 6.2-ci hissəsi  “Avropa İnsan Hüquqları Konvensiyası və Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnun tətbiqinə dair layihənin təqdimatı keçilmişdir.

 

Proqramın müzakirəsində Ədliyyə Akademiyasının, Məhkəmə-Hüquq Şurasının, Azərbaycan Respublikası Ali Məhkəməsinin, Vəkillər Kollegiyasının nümayəndələri çıxış etmişlər. Çıxışlar zamanı qeyd edilmişdir ki, Proqramın 6.2-ci hissəsində milli məhkəmə institutlarının AİHK-nı tətbiq etməklə bağlı potensialının gücləndirilməsi və Avropa standartlarına uyğun olan hüquqi yardım sisteminin yaradılması əsas məqsəd kimi müəyyən edilmişdir. Fəaliyyət planının 6.2-ci hissənin tətbiqini təmin etmək məsədilə Avropa Şurası təfindən təklif olunan layihədə bir sıra mühüm tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur.

 

Tədbirlər çərçivəsidə Ədliyyə Akademiyasının insan hüquqları üzrə müvafiq təlim keçmək potensialı gücləndiriləcək, o cümlədən hüquqşünaslar  üçün Avropa İnsan Hüquqları Konvensiyasının tədrisi metodologiyası təkmilləşdiriləcək, bu sahədə mövcud   kurrikulumlar (tədris proqramları) yenidən işlənəcək və Akademiyanın təlimçilərinə, ədliyyə orqanı işçiləri üçün səmərəli təlimlər keçiriləcəkdir. Ədliyyə Akademiyası hüquqşünasların uzunmüddətli və davamlı təlimini təşkil edərkən  Avropa İnsan Hüquqları Konvensiyasının tədrisi səviyyəsini gücləndirmək imkanını əldə edecəkdir. Həmçinin Ədliyyə Akademiyası vasitəsilə məhkəmə orqanları HELP/AİHK ilə əlaqədar bütün materialları onlayn əldə biləcəkdir.

 

Qeyd edilən məqsədlərə nail olmaq üçün hüquqşünaslara təlimin keçirilməsi zərurəti yerli maraqlı tərəflərlə müzakirə edilərək  qiymətləndiriləcək, Akademiyanın kurrikulumunu təkmilləşdirmək üçün tövsiyələr təqdim olunacaq, HELP kursu Azərbaycan dilində hazırlanacaq və AİHK-na dair materiallar və vəsaitlər Azərbaycan dilində tərcümə ediləcəkdir. Ədliyyə Akademiyasının  təlimçiləri AİHK və yeni tədris metodologiyası üzrə biliklərini təkmilləşdirəcəklər. AİHK haqqında təcrübə və bilik əldə etmək məqsədilə Akademiyanın təlimçiləri üçün Avropa Şurası və AİHM-nə təlim səfəri təşkil olunacaqdır.

 

Hesab edilmişdir  ki, müzakirəyə təqdim olunan layihə Azərbaycanda ədalət mühakiməsinin həyata keçirilməsi prosesində AİHK və AİHM-nin presedent hüququnun daha effektiv tətbiqi  və vətəndaşların hüquqlarının dövlət orqanlarında  səmərəli mühafizə olunması üçün mühüm vasitə olacaqdır.