Xəbərlər

ƏDLİYYƏ AKADEMİYASINDA AZƏRBAYCAN RESPUBLİKASININ PROKURORLUQ ORQANLARINA İLK DƏFƏ QULLUĞA QƏBUL EDİLƏN NAMİZƏDLƏRİN PEŞƏ FƏALİYYƏTİNƏ BURAXILIŞI MƏQSƏDİLƏ İCBARİ TƏLİM KURSU BAŞLAMIŞDIR

2015-08-27

27.08.2015-ci il tarixdə Ədliyyə Akademiyasında Azərbaycan Respublikasının prokurorluq orqanlarına ilk dəfə qulluğa qəbul edilən 25 nəfər namizədin peşə fəaliyyətinə buraxılması məqsədilə icbari təlimin başlanması ilə əlaqədar tədbir keçirilmişdir.

 

Tədbirdə Ədliyyə Akademiyasının rektoru vəzifəsini icra edən E. Xələfov, Azərbaycan Respublikası Baş Prokurorluğunun Kadrlar idarəsinin rəisi N.Rəcəbov və  Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin rəhbəri, Ədliyyə Akademiyasının Prokurorluq fəaliyyəti üzrə peşəyə buraxılış fakültəsinin dekan əvəzi N. Bayramov namizədlər qarşısında çıxış etmişlər.

 

Qeyd olunmuşdur ki, prokurorluq orqanlarına namizədlərin peşə fəaliyyətinə buraxılması məqsədilə nəzərdə tutulan icbari təlimin proqramı Baş Prokurorluq və Ədliyyə Akademiyası ilə birgə hazırlanmışdır. Əvvəlki illərdən fərqli olaraq, proqram əhəmiyyətli dərəcədə yenilənmiş, ona əsasən təcrübi əhəmiyyət kəsb edən mövzular daxil edilmişdir. Proqramda prokurorluq fəaliyyətinin konstitusion, maddi və prosessual əsasları, insan hüquqları və avropa məhkəməsinin presedent hüququ, prokuror etikası və s. mövzulara xüsusi diqqət yetirilmişdir. Proqram çərçivəsində namizədlərin Azərbaycan Respublikası Ali Məhkəməsinin, cəzaçəkmə müəssisələrinin fəaliyyəti ilə tanışlığı da nəzərdə tutulmuşdur.

 

Təlimə mühazirəçi qismində Azərbaycan Respublikası Ali və Apellyasiya Məhkəmələrinin hakimləri, Ədliyyə Akademiyasının, Baş Prokurorluğun və Məhkəmə Ekspertizası Mərkəzinin təcrübəli əməkdaşları cəlb olunmuşlar.

 

Həmçinin tədbirdə bildirilmişdir ki, prokurorluq orqanlarının əməkdaşları daim öz üzərlərində işləməli və bilik səviyyələrini mütəmadi artırmalıdırlar.