Xəbərlər

ƏDLİYYƏ AKADEMİYASININ ELMİ KİTABXANASININ ELEKTRON RESURSLARI ZƏNGİNLƏŞİR

2016-03-14

Ədliyyə Akademiyasında həyata keçirilən ixtisasa buraxılış və ixtisasartırma kurslarının səmərəli təşkil edilməsi, Akademiyada təhsil alan müdavimlərin maarifləndirilməsini təmin etmək üçün onun Elmi kitabxanasının fəaliyyəti müasir dövrün tələblərinə uyğun təşkil edilməlidir. Tədris müəssisələrində kitabxanaların təşkil edilməsi Dövlət başçısı tərəfindən təsdiq olunmuş “Azərbaycanda kitabxana – informasiya sahəsinin inkişafına dair Dövlət Proqramı (2008-2013-cü illər)”, “Azərbaycan 2020:Gələcəyə baxış inkişaf konsepsiyası” nda nəzərdə tutulmuşdur. Bu proqramları rəhbər tutaraq son dövrlərdə Ədliyyə Akademiyasının Elmi kitabxanasında da əhəmiyyətli dönüş müşahidə olunur. Belə ki, kitabxana üçün yeni daha geniş otaqlar ayrılmış, Avropa İttifaqının “Azərbaycanda Ədliyyə sahəsində islahatlara dəstək”  layihəsinin maliyyə dəstəyi hesabına kitabxana təmir edilmiş və zəruri avadanlıqla təchiz edilmişdir. Kitabxanada inventarizasiya keçirilmiş, bütün kitablar qeydə alınmış, lokal kompüter şəbəkə yaradılmış və yüksək sürətli internet təmin olunmuşdur.

 

 

2015-ci ildən etibarən kitabxanada Best Comp şirkətinin ədliyyə sisteminin kitabxanaları üçün yazdığı kitabxana proqramı və Mədəniyyət və Turizm Nazirliyinin tövsiyə etdiyi Rusiyanın “İRBİS 64” avtomatlaşdırılmış kitabxana-informasiya sistemi əsasında  oxucular  üçün elektron kataloq istifadəyə verilmişdir. Hal-hazırda kitabxananın fondu 7000-nə qədər ədəbiyyatdan ibarətdir. Eyni zamanda kitabxana Azərbaycan Respublikası Qanunvericiliyi elektron kitabına, bir sıra yerli və xarici qəzet və jurnallara abunədir. O, AzKİK-in (Azərbaycanda Kitabxana İşinin İnkişafı Konsorsiumu) və Rusiyanın “ЭБНИТ” (Электронные Библиотеки и Новые Информационные Технологии) Assossiasiyasının üzvüdür. Kitabxana AzKİK vasitəsilə EBSCO elektron kitab və jurnallar bazasına çıxış əldə etmiş, eyni zamanda  Beynəlxalq Miqrasiya Təşkilatının dəstəyi ilə Avropanın aparıcı nəşriyyatlarından biri olan Springer  nəşriyyatından 956 elektron kitab və 3 elektron jurnalın (1. European Journal on Criminal Policy and Research; 2.Human Rights Review; 3.Law and Critique) 2010-2015-cil illərdə çap olunmuş bütün nömrələrinin elektron versiyalarını əldə etmişdir. Xüsusi olaraq qeyd edilməlidir ki, kitabxanamız ölkəmizdə ilk dəfə olaraq bu elektron jurnallara və Avropanın bir sıra digər  elekton kitabxanalarının fondlarına2016-cı il üçün abunə hüququ əldə etmişdir.

 

 

İslahatlar nəticəsində Ədliyyə Akademiyasının Elmi kitabxanası fəaliyyətini əhəmiyyətli dərəcədə təkmilləşdirmişdir. Nəticədə yaxın gələcəkdə kitabxananın bütövlükdə Ədliyyə sistemində (geniş mənada: Ədliyyə nazirliyinin aparatı, onun tabe qurumları, Regional ədliyyə şöbələri, penitensiar müəssisələr, məhkəmələr daxil olmaqla) fəaliyyət göstərən kitabxanalar şəbəkəsi üçün nümunəvi kitabxana, metodiki mərkəz olacağı mümkündür. Köklü iqtisadi dəyişikliklər dövründə aparılan məhkəmə-hüquq islahatlarının müasir mərhələsində bu, xüsusilə zəruridir. Qeyd olunmalıdır ki, digər qeyri-hüquq sahələrində ixtisaslaşdırılmış kitabxanalar şəbəkəsi uzun müddətdir ki, fəaliyyət göstərir (misal üçün tibb, kənd təsərrüfatı, elmi-texniki və s.). Hazırda Ədliyyə Akademiyasının Elmi kitabxanası bu sahədə ardıcıl tədbirlərin görülməsi məqsədi ilə ilk növbədə Ədliyyə sistemində fəaliyyət göstərən kitabxanaların işini təhlil edir, digər  metodiki mərkəz funksiyalarını yerinə yetirən kitabxanaların təcrübəsini öyrənir, bir sıra vacib tədbirlər görür.

 

 

Belə ki, carı ilin 14 mart tarixində Respublikamızın aparıcı kitabxanalarının, Bakı Dövlət Universitetinin Kitabxanaçılıq-informasiya fakültəsinin, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin, Beynəlxalq Miqrasiya Təşkilatının, “Springer” nəşriyyatının nümayəndəsinin iştirakı ilə Ədliyyə Akademiyasının Elmi Kitabxanasında istifadə olunan elektron resurslarının təqdimatına həsr olunmuş tədbir keçirilmişdir.

 

 

Tədbirdə Ədliyyə Akademiyasının kitabxanası haqqında ümumi məlumat vermişdir,kitabxanada istifadə olunan elektron kataloqların tətbiqi xüsusiyyətləri iştirakçılarının nəzərinə çatdırmışdır.Həmçinin “Şpringer” nəşriyyatının nümayəndəsi tərəfindən Ədliyyə Akademiyasının Elmi kitabxanasında istifadə olunan “Springer” elektron resurslarının təqdimatı keçirimişdir.Təqdimatlardan sonra ölkədə toplu kataloqun yaradılması, mövcud olan elektron kataloqlar arasında inteqrasiyanın təmin edilməsi, kitabxanalar arasında təcrübə və informasiya mübadiləsi məsələləri müzakirə edilmişdir.

 

 

Tədbirin sonunda qonaqlar Akademiyanın elmi kitabxanası ilə tanış olmuşlar.