Xəbərlər

HAKİMLƏR ÜÇÜN TƏLİMLƏR KEÇİRİLİB

2016-06-03

Avropa Şurası ilə səmərəli əməkdaşlıq şəraitində bu mötəbər qurumun Azərbaycan üçün 2014-2016-cı illər üzrə Fəaliyyət Planı çərçivəsində hüquqşünasların insan hüquqları üzrə treninqi, onların təlim keçmə potensialının gücləndirilməsi, tədris prosesinin təkmilləşdirilməsi məqsədilə "İnsan hüquqları üzrə Avropa Konvensiyası və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnun tətbiqi" adlı layihə həyata keçirilir.

 

 

Həmin Layihənin məqsədi məhkəmə-hüquq islahatlarına dəstək vermək, hakimlərin və digər hüquqşünasların tədrisinə, onların  İnsan hüquqları üzrə Avropa Konvensiyasını effektiv tətbiq etmək bacarıqlarının yüksəldilməsinə töhfə verməkdir.

 

 

Layihənin icrası çərçivəsində iyunun 2-3-də Ədliyyə Akademiyası və Avropa Şurasının birgə təşkilatçılığı ilə "Hyatt Regency" mehmanxanasında "İnsan Hüquqları üzrə Avropa Konvensiyası çərçivəsində mülkiyyət hüququ" mövzusunda hakimlər üçün təlim keçirilib.

 

 

20 nəfər hakimin iştirak etdiyi təlimdə Avropa Şurasının beynəlxalq eksperti Sergey Qolubok, Ali Məhkəmənin hakimi Sevda Hüseynova, Bakı Apellyasiya Məhkəməsinin hakimi Abiddin Hüseynov və Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Günel Sevdimalıyeva təqdimatla çıxış ediblər.

 

 

Təlimdə mülkiyyət (əmlak) anlayışı: daxili qanunvericilik və Avropa Məhkəməsinin yanaşması, öz mülkiyyətindən maneəsiz istifadə prinsipi, mülkiyyətdən məhrum edilmə, mülkiyyətdən istifadəyə nəzarət, Konvensiyanın 1 saylı Protokolunun 1-ci Maddəsi üzrə mülkiyyət hüququnun məhdudlaşdırılması və müdafiəsi, Dövlətin pozitiv və neqativ öhdəlikləri, həmin Maddə üzrə Azərbaycanla bağlı qərarların müzakirəsi və digər məsələlər tədris olunub, mövzu çərçivəsində kazuslar müzakirə edilib.

 

 

Tədbirdə həmçinin, Hüquqşünasların insan hüquqlarına dair tədrisi üzrə Avropa Proqramının (HELP) hakimlər üçün əlaqələndiricisi Z.Babayev tərəfindən HELP Proqramının əyani təqdimatı keçirilib.