Xəbərlər

ƏDLİYYƏ AKADEMİYASINDA ASAN KÖNÜLLÜLƏRİ ÜÇÜN NÖVBƏTİ TƏLİM TƏŞKİL EDİLİB

2016-11-15

Ölkəmizdə könüllülük institutunun inkişafı üzrə məqsədyönlü addımlar atılır, dövlət başçısının təşəbbüsü ilə "Könüllü fəaliyyət haqqında" Qanunun, habelə könüllülərin həvəsləndirilməsi ilə bağlı mühüm qərarların qəbul olunması, ASAN Könüllülərinin I Ümumrespublika Forumunun açılışında cənab Prezidentin şəxsən iştirakı bu sahəyə dövlət qayğısının bariz təzahürü olub.

 

 

Bu gün gənc könüllülər ictimai həyatın bütün sahələrində, o cümlədən dövlət idarəçiliyində fəaliyyətə geniş cəlb olunurlar. Ölkə başçısı cənab İlham Əliyevin təşəbbüsü ilə yaradılaraq Azərbaycanın brendinə çevrilmiş "ASAN xidmət" mərkəzlərində çalışan gənclər və könüllülər yüksək vətəndaş məmnunluğunu təmin etməklə bürokratik əngəllərə və korrupsiyaya qarşı mübarizəyə böyük töhfələr verirlər.

 

 

Noyabrın 15-də "Könüllü fəaliyyət haqqında" Qanuna uyğun olaraq Ədliyyə Nazirliyi və Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə "ASAN School" könüllülük proqramı çərçivəsində Ədliyyə Akademiyasında ASAN könüllülərinin məhkəmələrdə təcrübəyə cəlb edilməsi ilə bağlı növbəti təlim keçirilib.

 

 

Təlim ASAN könüllülərinin məhkəmələrə müraciət edən vətəndaşlara müvafiq izahatların verilməsinə, poçt, elektron poçt, faks vasitəsi ilə və kargüzarlıq xidmətinə bilavasitə daxil olan iş, material və digər sənədlərin qəbulu, qeydə alınması, aidiyyəti üzrə bölüşdürülməsi, çatdırılması və göndərilməsinə müvafiq köməklik göstərilməsi məqsədi daşıyır.

 

 

Təlimin açılışında "ASAN xidmət" mərkəzinin  və Ədliyyə Nazirliyinin məsul nümayəndələri iştirak ediblər.

 

 

12 nəfər ASAN könüllünün iştirak etdiyi tədbirdə məhkəmələrdə cəlb ediləcəkləri fəaliyyət sahələri üzrə ətraflı məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb.