Xəbərlər

«HÜQUQUN VƏ HÜQUQİ TƏHSİLİN KEÇİD DÖVRÜNDƏ OLAN ÖLKƏLƏRİN İNKİŞAFINDA ROLU» MÖVZUSUNDA BEYNƏLXALQ KONFRANS

2016-11-25

Noyabrın 24-25-də Bakı Dövlət Universitetində Ədliyyə Akademiyasının, Universitetin Hüquq fakültəsinin  və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) təşkilatçılığı ilə "Hüququn və hüquqi təhsilin keçid dövründə olan ölkələrin inkişafında rolu" mövzusunda beynəxalq konfrans keçirilib.

 

 

Konfransda Almaniya, Moldova, Makedoniya, Litva və Gürcüstanın ali təhsil müəssisələrinin görkəmli alimləri iştirak ediblər.

 

 

Konfransı giriş sözü ilə açan Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov Azərbaycanın sürətlə inkişaf edən ölkə kimi bir çox irimiqyaslı beynəlxalq layihələrin həyata keçirilməsində yaxından iştirak etdiyini bildirib, güclü hüquqi sistemin sağlam investisiya iqliminin əsasını təşkil etdiyini, konfransın hüquq təhsilinin gələcək inkişaf yollarını müəyyən etməyə yardımçı olacağını vurğulayıb.

 

 

Hüquq fakültəsinin dekanı, professor Əmir Əliyev isə tədbirin müxtəlif ölkələrin hüquq təhsilinin inkişafı sahəsindəki təcrübələri ilə tanış olmaq üçün uyğun platforma olduğunu nəzərə çatdırıb.

 

 

İkigünlük konfransda Ədliyyə Akademiyasının rektor vəzifəsini icra edən Elçin Xələfovun, Moldova Dövlət Universitetinin professoru Olesea Plotnikin, Litvanın Avropa Humanitar Universitetinin dosenti Konstantin İvanovun, Gürcüstan Vəkillər Kollegiyasının üzvü İrakli Kandaşvilinin, Tbilisi Dövlət Universitetinin dosenti David Bostoghanaşvilinin, Makedoniya Dövlət Universitetinin professoru Goran Koevskinin, Almaniyadan olan sabiq hakim Tomas Herrmannın və digər məruzəçilərin çıxışları dinlənilib, hüququn müxtəlif sahələrinə dair müzakirələr aparılıb.