Xəbərlər

MƏHKƏMƏ APARATI İŞÇİLƏRİ ÜÇÜN İLK DƏFƏ VİDEO-KONFRANS VASİTƏSİLƏ TƏLİM KEÇİRİLİB

2016-11-28

Ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə məhkəmə-hüquq sisteminin inkişafı üzrə aparılan genişmiqyaslı islahatlar çərçivəsində məhkəmə infrastrukturu müasirləşdirilib, yeni məhkəmə binaları və kompleksləri inşa olunaraq istifadəyə verilib. Yeni tikilmiş məhkəmə binaları ən qabaqcıl informasiya texnologiyaları ilə təchiz olunmaqla videokonfransların, elektron sənəd dövriyyəsi və məhkəmə işlərinin idarə olunmasına xidmət edən əlverişli şərait yaradılıb.

 

Dünya təcrübəsində təlim-tədris tədbirlərində video-konfransların geniş tətbiqi dinləyici auditoriyasının genişləndirilməsinə, təlim materiallarının daha çevik çatdırılmasına, həm müəllimlər, həm də dinləyicilər üçün vaxta qənaət olunmasına xidmət edir.

 

 

Noyabrın 28-də Ədliyyə Akademiyası yeni inşa olunmuş Bakı şəhəri Sabunçu və Şəki məhkəmə kompleksləri arasında ilk dəfə videokonfrans vasitəsilə məhkəmə aparatı işçiləri üçün təlim təşkil edib.

 

 

Tədbirin açılışında Ədliyyə Akademiyasının rektoru vəzifəsini icra edən Elçin Xələfov, video-konfrans vasitəsilə qoşulan Sabunçu Rayon Məhkəməsinin sədri İlqar Abbbasov və Şəki Apellyasiya Məhkəməsinin sədri Mübariz Əkbərov dinləyiciləri salamlayıb, müasir texnologiya tətbiq olunmaqla dərslərin keçirilməsini mütərəqqi  hadisə kimi qiymətləndiriblər.

 

 

Təlimdə Bakı şəhərinin, habelə Abşeron rayon məhkəmələrinin, Şəki Apellyasiya Məhkəməsinin və onun yurisdiksiyasına daxil olan rayon (Şəki, Balakən, Oğuz, Qəbələ, Qax, Zaqatala) və ixtisaslaşdırılmış məhkəmələrin 50-dək məhkəmə aparatı işçiləri iştirak ediblər.

 

 

Sonra videokonfrans vasitəsilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi, Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının (CEPEJ) vitse-prezidenti Ramin Qurbanov "Elektron məhkəmə" informasiya sisteminin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı və məhkəmə fəaliyyətində müasir texnologiyaların tətbiqi məsələləri mövzusunda mühazirə ilə çıxış edib.

 

 

Təlimdə həmçinin, mübahisələrin həllinin alternativ üsullarının tətbiqi sahəsində CEPEJ-in fəaliyyəti və məhkəmələrin idarə edilməsində mediasiya üsullarının istifadəsi imkanları, ədalət mühakiməsinin keyfiyyətinin artırılması (məhkəmələrdə məmnuniyyət sorğularının keçirilməsi), "Elektron hökumət" portalının imkanları və istifadəsi üzrə ədliyyə orqanları tərəfindən göstərilən elektron xidmətlər kimi aktual məsələlərlə bağlı mühazirələr dinlənilib.

 

 

Dinləyicilərin böyük marağına səbəb olan Ədliyyə Akademiyası tərtəfindən belə təlimlərin davam etdirilməsi nəzərdə tutulur.