Xəbərlər

ƏDLİYYƏ AKADEMİYASINDA HAKİMLİYƏ NAMİZƏDLƏRLƏ TƏDRİS KURSUNA BAŞLANILIB

2017-01-30

Hakimliyə namizədlərlə şəffaf prosedurlar əsasında, beynəlxalq standartlara uyğun keçirilmiş test üsulu ilə, habelə yazılı və şifahi imtahanlarda müvəffəqiyyət qazanmış 126 nəfər namizəd uzunmüddətli tədris kursuna buraxılıb.

 

 

 

Ədliyyə Akademiyasında 1 il müddətində davam edəcək kursun proqramı müasir tədris metodu və beynəlxalq təcrübə nəzərə alınmaqla hazırlanıb, namizədlərin hakim olmaq üçün lazımi biliyə və peşə hazırlığına yiyələnmələrinə xüsusi diqqət yetirilib. Kurs çərçivəsində insan haqlarının etibarlı qorunması, korrupsiya ilə mübarizə, məhkəmə etikası, qərarların tərtibi, qanunvericiliyin yenilikləri və digər aktual məsələlərə dair mövzular nüfuzlu beynəlxalq ekspertlərin iştirakı ilə tədris olunacaq, namizədlərin dünyagörüşünün artırılması məqsədilə mədəni proqramlar təşkil ediləcəkdir.

 

 

Həmçinin, namizədlərin məhkəmələrdə staj keçməsi, onların xarici dövlətlərdə, Avropa Məhkəməsində olmaqla qabaqcıl beynəlxalq təcrübələri öyrənmələri nəzərdə tutulur.

 

 

Yanvarın 30-da həmin kursun açılışı olub.

 

 

Kursu açaraq namizədlərə uğurlar arzulayan və zəruri tövsiyələrini verən ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov məhkəmə sisteminin müasirləşdirilməsi mövzusunda mühazirə ilə çıxış edib, ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş və ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə davam etdirilən uğurlu dövlət inkişafı kursunu, əldə olunmuş nailiyyətləri vurğulayıb, məhkəmə sisteminin müasirləşdirilməsi üzrə görülən irihəcmli işləri və qarşıda duran mühüm tədbirləri qeyd edib.

 

 

Həmçinin, Ali Məhkəmənin sədri, Məhkəmə-Hüquq Şurasının üzvü Ramiz Rzayev məhkəmə hakimiyyəti və hakimin statusu mövzusunda mühazirə ilə çıxış edib, məhkəmə sistemində nəzəri və peşə hazırlığı ilə yanaşı, yüksək mənəvi keyfiyyətlərinə, o cümlədən ədalətliliyinə və qərəzsizliyinə, insanlara qayğılı münasibətinə görə fərqlənən şəxslərin təmsil olunmasının xüsusi vacibliyini bildirib.

 

 

Kursun ilk günündə məhkəmə hakimiyyətinin konstitusion əsasları mövzusunda çıxış edən Milli Məclis sədrinin birinci müavini, Məhkəmə-Hüquq Şurasının üzvü Ziyafət Əsgərov aktual elmi-praktiki məsələləri namizədlərin diqqətinə çatdırıb və konstitusiyada təsbit olunmuş insan hüquqlarının daha etibarlı müdafiəsində məhkəmələrin xüsusi rolunu vurğulayıb.