Xəbərlər

ƏDLİYYƏ AKADEMİYASININ ELMİ ŞURASINDA

2017-01-21

Yanvarın 21-də Ədliyyə Akademiyasının Elmi Şurasının növbəti iclası keçirilib.

 

İclasda Akademiya tərəfindən 2016-cı il üzrə görülmüş işlərlə bağlı geniş məruzə dinlənilib.

 

Bildirilib ki, ötən il Akademiyaya cəlb olunan dinləyicilərin sayı əvvəlki illərlə müqayisədə artaraq ümumilikdə 149 qrup üzrə 3.400-ə yaxın dinləyici ilkin hazırlıq və davamlı tədris kurslarına cəlb edilib, məhkəmə aparatı işçiləri, vəkillər, ASAN xidmət mərkəzlərində çalışan dövlət qulluqçuları, ASAN könüllülər, eləcə də regionlarda bələdiyyə üzvləri və qulluqçuları üçün çoxsaylı tədris kursları keçirilib.

 

Eyni zamanda, Elmi Kitabxana fondu zənginləşdirilib, kitabların elektron kataloqunun yaradılması ilə bağlı iş davam etdirilib. Akademiyanın nəzdində əhalinin aztəminatlı təbəqəsinə pulsuz hüquqi yardımın göstərilməsi məqsədilə yaradılmış Hüquq Klinikası tərəfindən 300-ə yaxın vətəndaşa pulsuz hüquqi yardım göstərilib.

 

Elmi Şura Ədliyyə Akademiyasında 2016-cı il ərzində görülmüş işləri qənaətbəxş hesab edib, fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı konkret tapşırıqlar verilib.

 

İclasda, həmçinin hakimliyə namizədlərin ilkin uzunmüddətli tədris kursunun proqramı ilə bağlı geniş müzakirələr aparılıb. Qeyd olunub ki, Ədliyyə Akademiyası və Hakimlərin Seçki Komitəsi tərəfindən hazırlanmış proqram ötən dövrlərlə müqayisədə əhəmiyyətli dərəcədə təkmilləşdirilib, kursun müddəti artırılaraq Avropa İnsan Hüquqları Konvensiyasının öyrənilməsinə geniş yer ayrılıb, proqrama qadınların ədalət mühakiməsinə çatımlığının təmin edilməsi, Ədalət Mühakiməsinin Səmərəliyi üzrə Avropa Komissiyası (CEPEJ) ilə bağlı və digər yeni mövzular daxil edilib.

 

Müzakirələr nəticəsində Elmi Şuranın üzvləri tərəfindən verilmiş tövsiyələr nəzərə alınaraq tədris proqramı qəbul olunub.

 

Şurada Akademiyanın fəaliyyətini tənzimləyən bəzi normativ sənədlərin layihələrinə baxılaraq təsdiq edilib.