Xəbərlər

BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİNDƏ MƏHKƏMƏ APARATI İŞÇİLƏRİ ÜÇÜN “MƏHKƏMƏLƏRDƏ İDARƏETMƏNİN SƏMƏRƏLİLİYİNİN ARTIRILMASI” MÖVZUSUNDA VİDEOKONFRANS KEÇİRİLMİŞDİR

2017-03-01

1 mart 2017-ci il  tarixdə Bakı şəhəri Yasamal Rayon Məhkəməsində məhkəmə aparatı işçiləri üçün “Məhkəmələrdə idarəetmənin səmərəliliyinin artırılması” mövzusunda  ixtisasartırma kursu keçirilmişdir. Eyni zamanda Gəncə Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid məhkəmələrdə çalışan məhkəmə aparatı işçiləri Gəncə şəhəri Nizami Rayon Məhkəməsində həmin kursa video konfrans vasitəsilə distant formada cəlb olunmuşlar.

 

Tədbirin açılışında Ədliyyə Akademiyasının rektoru vəzifəsini icra edən Elçin Xələfov və Yasamal Rayon Məhkəməsinin sədri Ələddin Cəfərov Yasamal Rayon Məhkəməsindən və Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin sədri Əli Tağıyev Nizami Rayon Məhkəməsindən tədbirə qatılaraq dinləyiciləri salamlamış və video konfrans vasitəsilə dərslərin keçirilməsini mütərəqqi  hadisə kimi qiymətləndirmişlər.Bildirmişdir ki, Akademiya tərəfindən distant təhsilin bu formasından yeni istifadə edilməyə başlanılmış və dinləyicilərin marağına səbəb olmuşdur.Təhsilin bu formasından gələcəkdə də geniş istifadə edilməsi nəzərdə tutulur.

 

İxtisasartırma kursunda Bakı şəhər və rayon məhkəmələrinin, Gəncə Apellyasiya Məhkəməsinin və onun yurisdiksiyasına aid olan rayon, şəhər məhkəmələrinin 55-ədək məhkəmə aparatı işçiləri iştirak etmişlər.

 

Tədris kursu zamanı Ədliyyə Nazirliyinin Təşkilat-Nəzarət baş idarəsinin böyük məsləhətçisi Leyla Zakirovanın “Məhkəmələrin fəaliyyətinin səmərəliliyi və onun əldə edilməsi üsulları”, Sumqayıt Apellyasiya Məhkəməsinin aparat rəhbəri Yaqub Məmmədlinin “Avropa Şurası Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyası (CEPEJ). CEPEJ alətlərinin və standartlarının anlayışı və onların məhkəmələrin effektiv idarə edilməsində rolu” və "Məhkəmələrin və məhkəmə vaxtının idarə edilməsi sahəsində əsas CEPEJ alətləri, bu sahədə aparat işçilərinin rolu" kimi aktual məsələlərlə bağlı mühazirələri dinlənilmişdir.

 

Dinləyicilərin böyük marağına səbəb olan belə təlimlərin Ədliyyə Akademiyası tərəfindən davamlı həyata keçirilməsi nəzərdə tutulur.