Xəbərlər

AVROPA ŞURASI VƏ ƏDLİYYƏ AKADEMİYASININ BİRGƏ TƏŞKİLATÇILIĞI İLƏ “PULSUZ HÜQUQİ YARDIMIN TƏŞKİLİ VƏ MÜASİR HÜQUQİ MAARİFLƏNDİRMƏ ALƏTLƏRİNİN TƏTBİQİ” MÖVZUSUNDA TƏLİM KEÇİRİLMİŞDİR

2017-03-07

Cari ilin 7 mart tarixində Şirvan regional ədliyyə şöbəsində Avropa Şurası və Avropa İttifaqı tərəfindən Şərq Tərəfdaşlığı ölkələrində həyata keçirilən “Azərbaycanda məhkəmələrin səmərəliliyinin artırılmasına, hakimlərin təliminin təkmilləşdirilməsinə və məhkəmələrdə özünü-idarəetməyə dəstək” layihəsi çərçivəsində “Pulsuz hüquqi yardımın təşkili və müasir hüquqi maarifləndirmə alətlərinin tətbiqi” mövzusunda təlim keçirilmişdir.

 

Keçirilmiş təlimdə Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin ədliyyə sahəsində texniki yardım layihəsinin nümayəndə heyətinin rəhbəri Pamela Fahey, Avropa Şurasının beynəlxalq eksperti Margus Sarapuu, Vəkillər Kollegiyasının üzvü Hafiz Həsənov, Ədliyyə Nazirliyinin Təşkilat-Nəzarət Baş İdarəsinin aparıcı məsləhətçisi Abdulla Abdullayev, Şirvan, Sumqayıt, Lənkəran regional ədliyyə şöbələrinin nümayəndələri və Ədliyyə Akademiyası baş məsləhətçisi Qalib Məmmədov iştirak etmişdir.

 

Eyni zamanda video-konfrans vasitəsilə Xaçmaz, İmişli, Şəki, Göyçay, Gəncə, Şəmkir və Bərdə regional ədliyyə şöbələrinin nümayəndələri də təlimə cəlb olunmuşdur.

 

Təlim zamanı əhaliyə xidmət göstərən qurum olaraq regional ədliyyə şöbələrinin ədliyyə sahəsində aparılan islahatlarda rolu, Azərbaycanda pulsuz hüquqi yardımın təşkili, pulsuz hüquqi yardımın effektiv təşkilində Avropa ölkələrinin təcrübəsi, müasir hüquqi maarifləndirmə alətlərinin tətbiqi, Ədliyyə Akademiyası hüquq klinikasının fəaliyyətinin təşkili kimi məsələlər müzakirə edilmişdir.