Xəbərlər

ƏDLİYYƏ AKADEMİYASINDA İCRA MƏMURLARI ÜÇÜN “YUVENAL ƏDLİYYƏ” MÖVZUSUNDA TƏLİM KEÇİRİLMİŞDİR

2017-04-21

Son dövrlərdə ölkəmizdə yetkinlik yaşına çatmayanların ədalət mühakiməsinə çatımlılığı, yetkinlik yaşına çatmayanların əmək və mənzil hüquqlarının müdafiəsi, yeniyetmələrin cinayət işləri üzrə ədalət mühakiməsi həyata keçirilərkən, həmçinin müxtəlif icra hərəkətlərinin həyata keçirilməsi zamanı  onların hüquqlarının müdafiəsinin gücləndirilməsi, psixoloji aspektlərin nəzərə alınması, diqqət mərkəzində saxlanılır. Bununla əlaqədar olaraq Ədliyyə Akademiyasında 17.04.2015-ci il tarixdən  21.04.2017-ci il tarixədək  “Yuvenal ədliyyə” mövzusunda icra məmurları üçün növbəti təlim keçirilmişdir.

 

Təlim tədris proqramına uyğun olaraq həyata keçirilmişdir. Tədris proqramında “Yuvenal ədliyyənin inkişafında UNİCEF-in rolu”, “Yuvenal ədliyyənin psixoloji əsasları”, “Yetkinlik yaşına çatmayan uşaqlarla ünsiyyət qurma yolları (dindirilmə  məhkəmə prosesi zamanı, məhkəmə icraçıları və s.)”, “BMT-nin yetkinlik yaşına çatmayanlara münasibətdə ədalət mühakiməsinin həyata keçirilməsinə aid olan Minimal standart qaydaları (Pekin Qaydaları) və Azərbaycan qanunvericiliyi”, “Yetkinlik yaşına çatmayanlarla bağlı mülki məhkəmə qərarlarının icrasının xüsusiyyətləri”, “Yetkinlik yaşına çatmayanların əmək və sosial təminat  hüquqları”, “Azərbaycanda yuvenal ədliyyə sahəsində qeyri məhkəmə orqanları və təşkilatları”, “Yetkinlik yaşına çatmayanlara münasibətdə məhkəmə baxışının xüsusiyyətləri”, “Yuvenal ədliyyə Azərbaycanda: nəzəri və təcrübi problemləri”, “Yetkinlik yaşına çatmayanlar tərəfindən törədilən hüquq pozuntularının profilaktikası”, “Yetkinlik yaşına çatmayanlar barəsində təyin edilmiş  azadlıqdan məhrum etmə cəzalarının icrasının xüsusiyyətləri”, “Yetkinlik yaşına çatmayanlar barəsində ibtidai istintaqın xüsusiyyətləri”, “Yetkinlik yaşına çatmayanların inzibati  məsuliyyəti və inzibati hüquq pozuntularının profilaktikası”, “Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar və yuvenal ədliyyə”, “Yetkinlik yaşına çatmayanların iştirakı ilə məhkəmə qərarlarının icrasının xüsusiyyətləri” mövzularında 28 saat həcmində tədris yükü nəzərə tutulmuşdur və bu tədris yükü tam yerinə yetirilmişdir.

 

Tədris proqramında nəzərdə tutulmuş mövzuların tədrisi Ədliyyə Akademiyasının müəllim heyəti və Ədliyyə Nazirliyinin digər idarələrinin müvafiq əməkdaşları tərəfindən həyata keçirilmişdir.

 

İxtisasartırma kursunda 20 nəfər dinləyici iştirak etmişdir.