Xəbərlər

ƏDLİYYƏ AKADEMİYASI TƏRƏFİNDƏN HAKİMLƏR ÜÇÜN ARDICIL TƏLİMLƏR HƏYATA KEÇİRİLİR

2017-04-28

7 aprel tarixində Ədliyyə Akademiyası tərəfindən Məhkəmə ekspertiza mərkəzində birinci instansiya məhkəmələrinin hakimləri üçün “Yeni növ məhkəmə ekspertizaları və Məhkəmə ekspertizası mərkəzinin müasir texniki imkanları” mövzusunda ixtisasartırma kursu keçirilmişdir.

 

Təlimdə 13 hakim iştirak etmişdir.

 

Keçirilmiş kursda Məhkəmə ekspertiza mərkəzinin rəis müavini Hamlet Musayev, Keyfiyyət təminatı bölməsinin rəisi Cabir Ahmet, Mühəndis- tikinti- texnik ekspertizalar şöbəsinin rəisi Məhəmməd Məmmədov,  Ballistik və trasoloji ekspertizalar şöbəsinin rəisi Nail Abbasov və baş məsləhətçi  İlham Həsənov mühazirəçi qismində çıxış etmişdir.

 

Təlim zamanı hakimlərə ekspertizaların təşkili və aparılması: problemlər və həlli yolları, məhkəmə ekspertizası sahəsində beynəlxalq standartların tələbləri, əqli mülkiyyət obyektlərinin məhkəmə ekspertizası, kontrafakt məhsulların məhkəmə ekspertizası , məhkəmə kompüter-texniki ekspertizası, məhkəmə tikinti-texniki ekspertizasının aparılmasında yerli baxışın keçirilməsi və mütəxəssis rəyinin təqdim edilməsi ilə bağlı problemlərlə əlaqədar mövzular tədris olunmuş və mərkəzin müasir texniki imkanları ilə əyani tanışlıq aparılmışdır.

 

27-28 aprel tarixlərində Avropa Şurası və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının birgə əməkdaşlığı ilə “Avropa İnsan Hüquqları Konvensiyasının 10-cu (İfadə azadlığı) və 11-ci (Yığıncaqlar və birləşmək azadlığı) maddələri” mövzusunda təlim keçirilmişdir.

 

Təlimdə Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi Xəqani Məmmədovun, Bakı Apellyasiya Məhkəməsinin hakimi Abiddin Hüseynovun və Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Sevinc Əliyevanın təqdimatları dinlənilmişdir.

 

Təlim zamanı ifadə azadlığı hüququnun anlayışı, xüsusiyyətləri, əhatə dairəsi, dövlətin pozitiv və neqativ öhdəlikləri , ifadə azadlığı hüququnun həyata keçirilməsinə qoyulan məhdudiyyətlər, yığıncaqlar və birləşmək azadlığının mənası, əhatə dairəsi, dövlətin pozitiv və neqativ öhdəlikləri , yığıncaqlar və birləşmək azadlığı hüquqlarına qoyulan məhdudiyyətlər  kimi məsələlər hakimlərin diqqətinə çatdırılmış, mövzu ilə bağlı kazuslar müzakirə edilmişdir.