Xəbərlər

İNSAN HÜQUQLARI AYLIĞI ÇƏRÇİVƏSİNDƏ TƏDBİRLƏR

2017-05-23

Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 18 iyun tarixli Sərəncamına əsasən ölkəmizdə hər il qeyd olunan 18 iyun - İnsan Hüquqları Gününün təsis edilməsinin 10 ili tamam olur.

 

Bu münasibətlə İnsan Hüquqları Aylığı çərçivəsində Ədliyyə Nazirliyi tərəfindən tədbirlər təşkil olunaraq dövlətimizin ali məqsədlərindən biri kimi müəyyən edilmiş insan hüquq və azadlıqlarının təmin olunması, hüquq bərabərliyi üzərində qurulmuş multikultural dəyərlərin təşviqi, eyni zamanda, açıq hökumət prinsiplərinin tətbiqi, vətəndaşların məmnunluğunu təmin edən müxtəlif növ elektron xidmətlərin göstərilməsi və s. mövzularda hüquqi maarifləndirmə işləri aparılır, bu məqsədlə Ədliyyə Akademiyasının, regional ədliyyə idarələrinin imkanlarından istifadə etməklə  seminar-müşavirələr, təlimlər, "açıq qapı" günləri keçirilir.

 

Davam edən tədbirlər çərçivəsində Ədliyyə Akademiyası tərəfindən Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNİCEF) ilə birgə mayın 22-23-də "Uşaqlar üçün ədliyyə" mövzusunda ikigünlük təlim təşkil olunub.

 

Təlimdə iştirakçı qismində Bakı şəhərinin Xətai, Nəsimi və Səbail rayonlarında fəaliyyət göstərən ədliyyə, polis, prokurorluq və yerli yetkinlik yaşına çatmayanların işləri və hüquqları üzrə komissiyalarından 25 nəfərədək nümayəndə iştirak edib.

 

Tədbirdə qeyd olunub ki, ölkəmizdə insan haqlarının, o cümlədən cəmiyyətimizin ən kövrək təbəqəsi olan uşaqların hüquqlarının qorunmasına daim xüsusi diqqət yetirilir, bu sahədə beynəlxalq təşkilatlarla, xüsusilə UNİCEF-lə sıx əməkdaşlıq edilərək 2008-ci ildən yuvenal ədliyyə islahatlarının dəstəklənməsi üçün hər il üzrə birgə fəaliyyət planları işlənilərək təsdiq olunur və uğurla həyata keçirilir. Səmərəli qarşılıqlı fəaliyyət nəticəsində yeniyetmələrin cinayət işləri üzrə ədalət mühakiməsi həyata keçirilərkən onların hüquqlarının müdafiəsinin gücləndirilməsi, psixoloji aspektlərin nəzərə alınması, yeni yanaşmaların və müasir İKT-lərin tətbiqi, yuvenal ədliyyə sahəsində təlimlərin keçirilməsi və s. ilə bağlı tədbirlər görülüb, Bakı Ağır Cinayətlər Məhkəməsində bu kimi işlərə baxılması üçün pilot layihə qaydasında xüsusi hakim tərkibi müəyyən edilib, ayrıca məhkəmə zalı yaradılaraq müvafiq avadanlıqla təchiz olunub.

 

Təlimə mühazirəçi qismində cəlb olunmuş UNİCEF-in, HUMEL psixologiya mərkəzinin ekspertləri, Ədliyyə Akademiyasının, Daxili İşlər Nazirliyinin, Ombudsman aparatının məsul nümayəndələri tərəfindən "Yuvenal ədliyyə" və "Uşaqlar üçün ədliyyə" arasında fərqlər və oxşarlıqlar, "Yetkinlik yaşına çatmayanlar tərəfindən törədilən cinayətlərin mövcud durumu", "Qanun pozuntusu törətmiş uşaqlarla, şahid və cinayət qurbanları ilə bağlı işlərdə yuvenal ədliyyə prosesi", "Polis tərəfindən cinayət törətməkdə şübhəli bilinən uşaqlarla, şahid və qurbanlarla ilkin söhbət", "Yuvenal ədliyyə sahəsində yerli qanunvericilik və uşaqların ən ümdə maraqları", "Həbs ən son mümkün vasitə kimi" mövzularında mühazirələr, kazuslar üzərində iş aparılıb, həmçinin "Həbsdən kənar" filmi nümayiş etdirilib.

 

***

Bununla yanaşı, mayın 30-da nazirliyin aidiyyəti struktur qurumlarının məsul əməkdaşlarının iştirakı ilə Şirvan regional ədliyyə idarəsində "Elektron hökumət" portalının imkanları və istifadəsi ilə bağlı maarifləndirməyə dair "açıq qapı" günü keçirilib. Yerli ədliyyə, o cümlədən qeydiyyat, notariat və icra qurumları əməkdaşlarının, habelə qeyri-hökumət təşkilatlarının təmsilçilərinin, ictimaiyyət nümayəndələrinin qatıldığı tədbirdə açıq hökumət prinsiplərinin tətbiqinin, əhaliyə elektron xidmətlərin göstərilməsinin vətəndaşların hüquqlarının təmin olunması, onların müraciət imkanlarının asanlaşdırılması baxımından əhəmiyyəti qeyd olunub, ədliyyə orqanları tərəfindən göstərilən elektron xidmətlər barədə ictimai təqdimat keçirilib.

 

Elektron xidmətlərin imkanları və istifadəsi qaydaları ilə ətraflı tanış olan tədbir iştirakçıları əhaliyə belə asan və şəffaf xidmətlərin göstərilməsindən məmnunluğunu ifadə edib, onları maraqlandıran suallar ətrafında faydalı fikir mübadiləsi aparılıb.

 

Ədliyyə Nazirliyi tərəfindən İnsan Hüquqları Aylığı çərçivəsində tədbirlər davam etdirilir.