Xəbərlər

HAKİMLƏR ÜÇÜN İXTİSASARTIRMA KURSU KEÇİRİLİB

2017-06-16

İyunun 16-da Ədliyyə Akademiyasında hakimlər üçün  "Ayrı-ayrı kateqoriyalara aid cinayətlərin xüsusiyyətləri" mövzusunda ixtisasartırma kursu keçirilib.

 

30-dək hakimin iştirak etdiyi kursda qətimkan tədbirlərinin seçilməsi xüsusiyyətləri, ayrı-ayrı cinayət işləri üzrə məhkəmə təcrübəsindən irəli gələn problemlər, korrupsiyaya qarşı mübarizədə hüquq mühafizə orqanlarının qarşılıqlı əlaqəsi mövzularında təqdimatlar dinlənilib.

 

Akademiyanın Avropa Şurası birgə təşkilatçılığı ilə iyunun 29-30-da hakimlər və prokurorlar üçün keçirilmiş təlim isə "Qadınların ədalət mühakiməsinə çıxışının təkmilləşdirilməsi" mövzusuna həsr olunub. Təlimdə hakimlərin və prokurorların qadınların ədalət mühakiməsinə çıxışının təkmilləşdirilməsində rolu, qadın hüquqları, cinsi mənsubiyyətindən asılı olaraq diskriminasiyaya, ayrı-seçkiliyə yol verilməməsi, gender stereotipləri və qərəzlilik, məişət və seksual xarakterli zorakılıq, milli qanunvericilik və təcrübə, sübutlar, məhkəmə hökmləri, məhkəmə qərarlarının icrası, qadın sahidlərin iştirakı ilə keçirilən məhkəmə iclaslarında idarəçilik və s.  mövzular tədris edilib, mövzu ilə əlaqəli kazuslar müzakirə olunub.

 

Bundan əlavə, məhkəmə aparatı işçilərinin tədrisi diqqətdə saxlanılaraq Sumqayıt  Apellyasiya Məhkəməsində yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri aparatlarının işçiləri üçün "Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsi (Ədalətli məhkəmə araşdırması hüququ)" mövzusunda  ixtisasartırma kursu keçirilib. 30-a yaxın dinləyicinin iştirak etdiyi kursda "İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında Avropa Konvensiyası və Avropa İnsan Hüquqları Məhkəməsi: Ümumi baxış," "Ədalətli məhkəmə araşdırması hüququnun tətbiq dairəsi", "Ədalətli məhkəmə araşdırması hüququ üzrə təqsirləndirilən şəxsin təminatları"  mövzuları üzrə mühazirələr tədris olunub.