Xəbərlər

STRASBURQDA HELP ŞƏBƏKƏSİNİN İLLİK KONFRANSI KEÇİRİLİB

2017-06-19

Avropa Şurası İnsan hüquqları və qanunun aliliyi üzrə Baş Direktorluğunun Hüquqşünaslar üçün insan hüquqlarının tədrisi üzrə Avropa Proqramı (HELP) çərçivəsində iyunun 19-20-də Strasburqda HELP şəbəkəsinin İllik Konfransı keçirilib.

 

Avropa Şurasına üzv 47 ölkədən 150-dən çox təmsilçinin iştirak etdiyi tədbirdə Ədliyyə Akademiyasının rektoru vəzifəsini icra edən Elçin Xələfov, Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvü Anar Bağırov, HELP proqramının hakimlər və vəkillər arasında təbliğatına məsul nümayəndələri iştirak ediblər.

 

Konfransda qanunun aliliyinin təmin olunmasında HELP proqramının rolu, məhkəmə sisteminin müstəqilliyi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsi, insan hüquqları üzrə hüquqşünasların tədrisi, HELP platformasının təbliği və digər aktual məsələlər ətrafında faydalı fikir və təcrübə mübadiləsi aparılıb, təqdimatlar dinlənilib.

 

Tədbir çərçivəsində "Birlikdə yaşamağa öyrənirik. Demokratiyanın ümumi öhdəlikləri" mövzusunda keçirilmiş plenar sessiyada Avropa Şurasının baş katibinin müavini xanım Qabriela Battaini-Draqoni giriş nitqi ilə çıxış edərək HELP proqramının hüquqşünaslar üçün İnsan Hüquqları üzrə Avropa Konvensiyasının səmərəli və düzgün implementasiyasında mühüm alətlərdən biri olduğunu vurğulayıb. Eyni zamanda, insan hüquqları üzrə seminarlar keçirilib.

 

Bununla yanaşı, bütün üzvlər və tərəfdaşlar arasında təlimlərin nəticələri, eləcə də Avropa Konvensiyasının milli səviyyədə icrasının gücləndirilməsi və əməkdaşlığın genişləndirilməsi ilə bağlı müzakirələr aparılıb. Bildirilib ki, HELP platforması nəinki Avropa Şurasına üzv olan dövlətlərdə, həmçinin ABŞ, Meksika, Avstraliya və s. bu kimi ölkələrdə fəaliyyət göstərən hüquqşünaslar tərəfindən istifadə olunur. Hazırda dünyada HELP platformasının istifadəçilərinin sayı 18 mindir. Buna baxmayaraq onlardan 8 mini son 2 il ərzində qeydiyyatdan keçib. HELP platformasının istifadəçilərinin sayına və fəallığına görə Azərbaycan qabaqcıl ölkələr sırasındadır.

 

Tədbirdə Azərbaycanın 2016-cı il üzrə HELP platformasının təbliği və təşviqi üzrə fəaliyyəti Avropa Şurası tərəfindən ən yaxşı nümunələrdən biri kimi qiymətləndirilib.