Xəbərlər

POLİS AKADEMİYASINDA “UŞAQLAR ÜÇÜN ƏDLİYYƏ” MÖVZUSUNDA TƏLİM KEÇİRİLİB

2017-07-21

Üç ildir ki, UNİCEF, Ədliyyə və Polis akademiyaları, Ombudsman ilə birgə hakimlər, dövlət ittihamçıları, icra məmurları, polis əməkdaşları, yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaların əməkdaşları üçün “Uşaqlar üçün ədliyyə”, "Yetkinlik yaşına çatmayanların ədalət mühakiməsi" mövzularında hüquqi maarifləndirmə və bacarıqların artırılması məqsədilə treninqlər keçirilir.

 

Növbəti treninq iyulun 19-20-də Bakı şəhərinin Suraxanı, Xəzər və Pirallahı rayonlarının hakimləri, ədliyyə, prokurorluq, polis və yerli icra hakimiyyəti orqanlarının əməkdaşları üçün Daxili İşlər Nazirliyinin Polis Akademiyasında təşkil olunub.

 

20-dən çox dinləyicinin iştirak etdiyi tədbirdə “Yuvenal ədliyyə” və “Uşaqlar üçün ədliyyə” arasında fərqlər və oxşarlıqlar, beynəlxalq alətlər, qanun pozuntusu törədən uşaqlarla profilaktik iş, yayındırma, cəzalara alternativlər və s. mövzular ətrafında faydalı fikir mübadiləsi aparılıb.

 

Həmçinin, yuvenal ədliyyə sistemində aparılan islahatların qanunla münaqişədə olan uşaqlara təsirinin qiymətləndirməsi vəziyyəti, yerli icra hakimiyyəti orqanları nəzdində fəaliyyət göstərən yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaların fəaliyyətinə yeni yanaşmalar, xarici ölkələrin bu sahədə müsbət təcrübəsi, mövcud çətinliklər əsas müsakirə mövzularından olub.