Xəbərlər

ƏDLİYYƏ AKADEMİYASINDA MƏHKƏMƏ APARATI İŞÇİLƏRİ ÜÇÜN “DÖVLƏT QULLUĞU HAQQINDA QANUNUN TƏTBİQİNİN BƏZİ MƏSƏLƏLƏRİ” MÖVZUSUNDA İXTSASARTIRMA KURSU KEÇİRİLMİŞDİR

2017-11-15

Cari ilin 15 noyabr tarixində məhkəmə aparatı işçiləri üçün Ədliyyə Akademiyasında “Dövlət qulluğu haqqında qanunun tətbiqinin bəzi məsələləri” mövzusunda ixtisasartırma kursu təşkil edilmişdir.

 

İxtisasartırma kursunda  Bakı şəhərinin rayon məhkəmələrindən 22 nəfər məhkəmə aparatı işçisi iştirak etmişdir.

 

Kurs zamanı dinləyicilərə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən qulluğa qəbul proseduru, stajorluq və sınaq keçmə”; “Dövlət qulluqçusunun hüquq və vəzifələri, dövlət orqanlarının, inzibati və yardımçı vəzifələrin təsnifatı. Dövlət qulluqçusunun şəxsi işinin aparılması Qaydaları”; “Dövlət qulluqçularının başqa vəzifəyə keçirilməsi, vəzifədə irəli çəkilməsi, mükafatlandırılması və məsuliyyət məsələləri. İxtisas dərəcələrinin verilməsi, məzuniyyət və ezamiyyələrin rəsmiləşdirilməsi, qulluqda olmanın yaş həddi, dövlət qulluğuna xitam verilməsi məsələləri”; “Dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi”; “Dövlət qulluqçularının maddi və sosial təminatı. Dövlət qulluğunda qulluq stajına görə əlavə haqqın məbləğlərinin müəyyənləşdirilməsi Qaydaları və Dövlət qulluqçularının etik davranış Qaydaları” mövzusunda mühazirələr deyilmişdir.

 

Tədris proqramında nəzərdə tutulmuş mövzuların tədrisi Ədliyyə Nazirliyi Kadrlar idarəsinin aparıcı məsləhətçisi Samir Hüseynov, Ədliyyə Nazirliyi Maliyyə və təminat idarəsinin aparıcı məsləhətçisi (mühasibi) Gülnarə Hüseynova, Ədliyyə Akademiyasının Vəkillərin ixtisasartırma və peşəyə buraxılış fakültəsinin baş məsləhətçisi Qalib Məmmədov, Dövlət imtahan mərkəzinin hüquqi təminat və insan hüquqları şöbəsinin hüquqi təminat sektorunun böyük məsləhətçisi Lalə Qədirova tərəfindən həyata keçirilmişdir.

 

Kursun sonunda tədris olunan mövzulara, dərsləri tədris edən müəllimlərə, eləcə də kursun təşkilinə münasibətlərini öyrənmək məqsədilə dinləyicilər arasında anonim sorğu aparılmışdır. Anonim sorğu anketində dinləyicilər bu cür kursların tez-tez keçirilməsini və yeni mövzuların daxil edilməsini təklif etmişlər. Həmçinin müəllimlərin hazırlıq səviyyəsindən və təlimin təşkilindən razı qaldıqlarını, tədris olunan mövzuların onların tələblərinə cavab verdiyini qeyd etmişlər.