Xəbərlər

AVROPA İTTİFAQI VƏ AVROPA ŞURASININ BİRGƏ TƏŞKİLATÇILIĞI, ƏDLİYYƏ AKADEMİYASININ BİRGƏ ƏMƏKDAŞLIĞI İLƏ HAKİMLƏR ÜÇÜN TƏLİM KEÇİRİLMİŞDİR

2017-12-21

20-21 dekabr 2017-ci il tarixlərində, “Winter Park Hotel” mehmanxanasında “Avropa İnsan Hüquqları Konvensiyası və Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnun Azərbaycanda tətbiqi” layihəsi çərçivəsində, Avropa İttifaqı və Avropa Şurasənın birgə təşkilatçılığı, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının birgə əməkdaşlığı ilə məhkəmə hakimləri üçün “Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı Maddəsi (Ədalətli məhkəmə araşdırması hüququ)” mövzusunda təlim təşkil edilmişdir.

 

Təlimin açılışını Ədliyyə Akademiyasının rektoru vəzifəsini icra edən Elçin Xələfov və Avropa Şurasının Azərbaycandakı Ofisinin nümayəndəsi Vəfa Rövşənova etmişdir. E.Xələfov öz çıxışında Ədliyyə Akademiyasının  İnsan Hüquqları üzrə Avropa Konvensiyasının tədrisi ilə fəal şəkildə məşğul olduğunu, Konvensiyanın təlimçilərinin hazırlanmasında mühüm addımlar atıldığını və Avropa Şurası ilə birgə həyata keçirilən “HELP” distant kursunun təşkilatçısı qismində çıxış etdiyini bildirmişdir. O qeyd etmişdir ki, hal-hazırda HELP distant kursunun həyata keçirilməsi ilə əlaqədar olaraq 18 sertifikat almış HELP təlimçisi hazırlanmış, Şərq Tərəfdaşlığının Proqram Əməkdaşlığı Çərçivəsində Avropa İttifaqının və Avropa Şurasının Birgə Proqramı olan “Avropa İnsan Hüquqları Konvensiyası və Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnun Azərbaycanda tətbiqi” layihəsi çərçivəsində bugünə qədər Avropa İnsan Hüquqları Konvensiyanın müxtəlif maddələrinə həsr olunmuş təlimlərə 300-ə qədər hakim və 800-ə qədər vəkil cəlb edilmişdir. Eyni zamanda, bildirilmişdir ki, dekabr ayının 8-də Ədliyyə Akademiyası və Avropa İnsan Hüquqları Məhkəməsi arasında hakimlər üçün Azərbaycanda ilk dəfə video-konfrans vasitəsilə təlim keçirilmişdir.

 

Daha sonra, təlimdə Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi  Xəqani Məmmədovun, Bakı Apellyasiya Məhkəməsinin hakimləri Sənan Hacıyev və Abiddin Hüseynovun Konvensiyanın 6-cı maddəsinin müxtəlif müddəaları ilə bağlı təqdimatları dinlənilmiş, qrup işi vasitəsilə kazusların müzakirəsi aparılmışdır.

 

Tədbirin yekununda qiymətləndirmə aparılmış, iştirakçılara sertifikatlar təqdim edilmişdir. Təlimdə 18 hakim iştirak etmişdir.