Xəbərlər

ƏDLİYYƏ AKADEMİYASINDA 20 YANVAR FACİƏSİNİN 29-CU İLDÖNÜMÜ İLƏ BAĞLI TƏDBİR KEÇİRİLİB

2019-01-20

Xalqımızın milli qəhrəmanlıq salnaməsinə çevrilmiş 1990-cı il 20 Yanvar faciəsindən 29 il ötür.

Bu hadisələrin ildönümü ilə əlaqədar Ədliyyə Akademiyasında keçirilmiş anma mərasimində faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Akademiyanın rektoru vəzifəsini icra edən baş ədliyyə müşaviri Elçin Xələfov ölkəmizin müstəqilliyi uğrunda keçdiyi tarixi yolu bir daha nəzərdən keçirərək, həmin ağır günlərdə  xalqımıza qarşı insanlıq əleyhinə cinayətlərin törədilməsini cəsarətlə bəyan edən ümummilli lider Heydər Əliyev tərəfindən bu qanlı hadisələrə ilk dəfə hərtərəfli və obyektiv siyasi-hüquqi qiymət verildiyini, şəhid olanların xatirəsinin əbədiləşdirilməsi məqsədilə mühüm tədbirlər həyata keçirildiyini, şəhid ailələri və əlillərin dövlət qayğısı ilə əhatə olunduğunu diqqətə çatdırıb.

Daha sonra Cinayət və cəza-icra hüququ, kriminologiya kafedrasının kafedrasının baş müəllimi Şəlalə Quluzadə həmin dövrdə Bakıda törədilən faciəli hadisələr haqqında çıxış edib. Qeyd olunub ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakı şəhərinə və Azərbaycanın bir neçə rayonuna keçmiş Sovet İttifaqının qoşun hissələri fövqəladə vəziyyət elan edilmədən yeridilmiş, dinc əhaliyə divan tutulmuş, yüzlərlə insan qətlə yetirilmiş, yaralanmış və itkin düşmüşdür.

Tədbirdə ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən müstəqil dövlətimizin qüdrətlənməsi, bu tarixi gün barədə  həqiqətlərin beynəlxalq ictimaiyyətə geniş çatdırılması üzrə məqsədyönlü addımların atıldığı qeyd edilib, şəhidlərimizin əziz xatirəsinin hər bir azərbaycanlının qəlbində əbədi yaşayacağı bildirilib.