Xəbərlər

ƏDLİYYƏ AKADEMİYASINDA XOCALI SOYQIRIMINA HƏSR OLUNMUŞ DƏYİRMİ MASA KEÇİRİLİB

2019-02-25

İki yüz ildən çox müddətdə təcavüzkar erməni millətçilərinin xalqımıza qarşı apardığı etnik təmizləmə və soyqırımı siyasətinin qanlı səhifəsi olan Xocalı soyqırımından 27 il ötür.

Fevralın 25-də Ədliyyə Akademiyasında Xocalı soyqırımının 27-ci ildönümünə həsr olunmuş "Sülh və insanlıq əleyhinə cinayət törətmiş şəxslərin cəzalandırılması məsələləri" mövzusunda dəyirmi masa keçirilib.

Nazirliyin və prokurorluğun aidiyyəti məsul şəxslərinin, hakimlərin, vəkillərin, Bakı Dövlət Universitetinin professor-müəllim heyətinin, tələbələrin və gənc hüquqşünasların iştirakı ilə keçirilən dəyirmi masa Xocalı soyqırımı qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Ədliyyə Akademiyasının rektoru vəzifəsini icra edən Elçin Xələfov açılış nitqi ilə çıxış edərək Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi əbədi həkk olunan Xocalı hadisələrindən danışıb.

Bildirib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələrinin bütün beynəlxalq hüquq normalarını pozaraq, Xocalı şəhərinin zəbt olunması, dinc əhaliyə qəddarlıqla divan tutulması, şəhərin barbarcasına yerlə-yeksan edilməsi xalqımıza qarşı misli görünməmiş vandalizm aktıdır. Bu qanlı qırğın zamanı yüzlərlə insan qətlə yetirilib, neçə-neçə insan ağır yaralanıb, girov götürülüb və itkin düşüb.

Tədbirdə Azərbaycan xalqına və dövlətçiliyinə qarşı törədilən beynəlxalq cinayətlər, soyqırımı cinayətləri və beynəlxalq tribunallar, həmin cinayətlərin tövsifi və törədilməsinə görə məsuliyyət məsələləri və Avropa məhkəməsinin mövqeyi, münaqişə zamanı ətraf mühitin qorunması kimi mövzular üzrə çıxışlar edilib, ətraflı fikir mübadiləsi aparılıb

Diqqətə çatdırılıb ki, beynəlxalq hüquqa görə, soyqırımı sülh və bəşəriyyət əleyhinə yönələn əməldir və ən ağır beynəlxalq cinayət sayılır. Erməni qəsbkarlarının törətdikləri Xocalı soyqırımı zamanı BMT-nin Baş Məclisinin 9 dekabr 1948-ci il tarixli 260 saylı qətnaməsi ilə qəbul edilmiş və 1961-ci ildə qüvvəyə minən "Genosid cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında" Konvensiyada təsbit edilən soyqırımı cinayətinə aid bütün əməllər tətbiq olunub.

Tədbirdə bəşəriyyətə, insanlığa qarşı törədilmiş bu qanlı cinayətə ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra siyasi-hüquqi qiymət verildiyi, ölkə Prezidenti İlham Əliyev tərəfindən bu kütləvi qırğının acı həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması, dünya birliyi tərəfindən soyqırımı aktı kimi tanınması üzrə mühüm addımların atıldığı, Heydər Əliyev Fondunun təşəbbüsü ilə məqsədyönlü və ardıcıl tədbirlərin keçirildiyi və vurğulanıb, bu istiqamətdə "Xocalıya ədalət!" kampaniyasının önəmi xüsusilə qeyd edilib.

Müzakirələrdə Xocalı soyqırımını törədən cinayətkarların, onların havadarlarının gec-tez layiqli cəzalarını alacaqlarına əminlik ifadə olunub, faciə qurbanlarının əziz xatirəsinin xalqımızın  yaddaşında əbədi yaşayacağı bildirilib.