Xəbərlər

ƏDLİYYƏ AKADEMİYASINDA 31 MART SOYQIRIMI İLƏ BAĞLI ANIM TƏDBİRİ KEÇİRİLİB

2019-03-29

Azərbaycan xalqına qarşı iki əsr ərazində törədilmiş və uzun illər boyu öz siyasi-hüquqi qiymətini almamış beynəlxalq cinayətlərdən biri də 31 mart - Azərbaycanlıların soyqırımıdır.

Erməni daşnaklarının bolşeviklərlə birgə azərbaycanlılara qarşı həyata keçirdiyi bu sistematik və genişmiqyaslı soyqırımı ilə əlaqədar Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasında anım tədbiri keçirilib. Anım mərasimində soyqırım qurbanları bir dəqiqəlik sükutla yad edilib, onların əziz xatirəsi böyük ehtiramla anılıb.

Tədbiri giriş sözü ilə açan Akademiyanın rektoru vəzifəsini icra edən Elçin Xələfov Azərbaycanlılara qarşı aparılan soyqırımı siyasətinin tarixindən danışıb, bu cinayətin Bakı, Şamaxı, Quba qəzalarında, Qarabağ, Zəngəzur, Naxçıvan, Lənkəran və Azərbaycanın başqa bölgələrində xüsusi qəddarlıqla həyata keçirildiyini, dinc əhalinin kütləvi surətdə qətlə yetirildiyini diqqətə çatdırıb, bu barədə əsl həqiqətin yalnız ümummilli liderimiz Heydər Əliyevin qətiyyəti sayəsində 1998-ci il 26 mart tarixli Fərmanından sonra öz hüquqi-siyasi qiymətini aldığını bildirib. Qeyd edilib ki, təcavüzkar ermənilər və onların havadarları tərəfindən xalqımıza qarşı iki yüz ilə yaxın bir müddətdə soyqırımı siyasəti həyata keçirilib, Azərbaycan və türk xalqları ermənilərin ideoloji və hərbi təcavüzünə məruz qalıb, çoxəsrlik tariximiz kobudcasına saxtalaşdırılıb, mədəniyyət abidələrimiz, toponimlərimiz ermənilər tərəfindən özününküləşdirilib.

Anım tədbirinin sonunda 31 mart – Azərbaycanlıların soyqırımından bəhs edən film nümayiş etdirilib.