Xəbərlər

ƏDLİYYƏ AKADEMİYASI BEYNƏLXALQ MİQRASİYA TƏŞKILATI İLƏ BİRGƏ İNSAN ALVERİNƏ QARŞI MÜBARİZƏ ÜZRƏ BEYNƏLXALQ SEMİNAR KECİRİB

2019-04-04

“Azərbaycanda insan alverinə qarşı mübarizə üzrə milli potensialın artırılması” (ENCT) layihəsi çərçivəsində Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı Nümayəndəliyi və Ədliyyə Akademiyasının birgə təşkilatçılığı ilə 03-04 aprel 2019-ci il tarixlərində “Hyatt Regency” otelində “Cinayət İstintaq Orqanlarının İnsan Alveri ilə Mübarizə sahəsində Rolu” mövzusunda beynəlxalq seminar keçirilib.

Tədbirin keçirilməsində əsas məqsəd Azərbaycan hökümətinin insan alverinə qarşı mübarizəsinin və insan alveri qurbanlarının müdafiəsinin daha effektiv aparılması üzrə potensialın artırılmasıdır.

Ümumilikdə 40 nəfərdən çox nümayəndənin, o cümlədən bir sıra xarici ölkələrin və beynəlxalq qurumların təmsilçilərinin qatıldığı beynəlxalq seminarda hakimlər, prokurorlar, vəkillər, həmçinin, Ədliyyə və Daxili işlər nazirliklərinin əməkdaşları və media nümayəndələri iştirak ediblər.

Seminarı giriş nitqi ilə Daxili İşlər Nazirliyinin (DİN) İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin (İAQMBİ) rəisi, polis general-mayoru Heydər Heydərov, Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının rektoru vəzifəsini icra edən Elçin Xələfov, Avropa İttifaqının Azərbaycan nümayəndəliyinin Əməliyyatlar Söbəsinin Rəhbəri Xanım Simona Simona Gatti və Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT) Azərbaycan üzrə təmsilçisi Vladimir Gjorgjiev açaraq, beynəlxalq, regional və yerli səviyyədə insan alveri ilə mübarizə sahəsində əməkdaşlığın əhəmiyyətindən danışılıb, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi və tətbiqi məsələlərinin önəmi vurğulanıb, seminarın işinə uğurlar arzulayıblar.

İki gün davam edən tədbirdə Türkiyə, Almaniya, Bolqarıstan, Rumıniya, İsveçrə, Ukrayna, Moldova, Belorusiya, İnterpolun və Avropa İnsan Hüquqları Məhkəməsinin nümayəndələrinin insan alveri ilə mübarizənin müxtəlif aspektlərinə həsr olunmuş təqdimatları dinlənilib, insan alveri cinayətinin araşdırılmasında rast gəlinən və birgə istintaq qrupunun əməkdaşlığı ilə həll edilə bilən problemlər, insan alverinə məruz qalmış şəxslərin müdafiəsi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququ və bu mövzuda digər məsələlər ətrafnda geniş müzakirələr edilərək, qarşılıqlı təcrübə və fikir mübadiləsi aparılıb.