Xəbərlər

AVROPA ŞURASI VƏ ƏDLIYYƏ AKADEMIYASININ BIRGƏ TƏŞKILATÇILIĞI HAKIMLƏR ÜÇÜN IXTISASARTIRMA KURSU KEÇIRILIB

2019-04-19

19 aprel tarixində Avropa Şurası və Ədliyyə Akademiyasının birgə təşkilatçılığı ilə “Azərbaycanda ədliyyə islahatlarına dair təşəbbüslərə dəstək” layihəsi çərçivəsində “Avropa İnsan Hüquqları Konvensiyasının 3-cü maddəsi (İşgəncələrin qadağan olunması)” mövzusunda təlim keçirilib.

27 nəfər birinci instansiya və apellyasiya  məhkəmələrinn hakimlərinin iştirak etdiyi təlimdə Konstitusiya Məhkəməsinin, Ali Məhkəmənin, Bakı Apellyasiya Məhkəməsinin hakimlərinin təqdimatları dinlənilib.

Təlimdə Avropa İnsan Hüquqları Konvensiyasının 3-cü maddəsinin tətbiq sahəsi, minimal qəddarlıq səviyyəsi, işgəncə, qeyri-insani və ləyaqəti alçaldan rəftar və ya cəza anlayışları, dövlətin pozitiv və neqativ öhdəlikləri, 3-cü maddənin prosessual aspektləri, sübutetmə standartı kimi məsələlər hakimlərin diqqətinə çatdırılıb, Azərbaycanla bağlı qərarların və kazusların müzakirəsi aparılıb.

Eyni zamanda hakimlər üçün Azərbaycan Respublikası ədliyyə naziri cənab Fikrət Məmmədovun göstərişi ilə Probasiya xidmətində müasir avadanlıqlarla təchiz olunmuş Elektron monitorinq mərkəzi ilə tanışlıq tədbiri həyata keşirilib, elektron qolbağın istifadə qaydaları əyani şəkildə göstərilib.