Xəbərlər

BEYNƏLXALQ MIQRASIYA TƏŞKILATI TƏRƏFINDƏN AZƏRBAYCAN NÜMAYƏNDƏ HEYƏTI ÜÇÜN AVSTRIYAYA TƏLIM SƏFƏRI TƏŞKIL EDILIB

2019-04-19

Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycandakı nümayəndəliyinin və BMqT-nin regional ofisinin dəstəyi ilə cari ilin 14-19 aprel tarixlərində inkişaf etmiş ölkələrin təcrübəsinin öyrənilməsi məqsədilə Ədliyyə Akademiyasının nümayəndələri, regional apellyasiya məhkəmələrinin hakimləri, Baş Prokurorluğun əməkdaşları, Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə üzrə Baş İdarəsinin təmsilçiləri və Vəkillər Kollegiyasının üzvündən ibarət Azərbaycanın nümayəndə heyəti üçün Avstriyanın paytaxtı Vyana şəhərinə tanışlıq səfəri təşkil edilib.

Təlim səfəri Avropa İttifaqı və BMqT-nin İnkişaf Fondu tərəfindən birgə maliyyələşdirilən və Azərbaycan Höküməti tərəfindən dəstək verilən “Azərbaycanda insan alverinə qarşı mübarizə üzrə milli potensialın gücləndirilməsi” layihəsi çərçivəsində həyata keçirilib.

Səfərin əsas məqsədi Azərbaycan nümayəndə heyətini insan alverinə qarşı mübarizədə hüquqi qərarların verilməsi, insan alveri qurbanlarının müdafiəsi sahəsində beynəlxalq və Avropa standartlarının tətbiqi, qanunvericiliyin təhlili və Avstriyada insan alveri ilə bağlı cinayətlərin təqibi halları ilə, insan alveri sahəsində prosedur və qaydalarla tanış etməkdən ibarət olub.

Avstriyalı həmkarlar Azərbaycan nümayəndələri ilə insan alveri sahəsində olan bilik və təcrübələrini, mövcud yanaşmaları, insan alveri qurbanlarına yardım göstərilməsi prosedurları, qanunvericilik bazası barədə məlumat verdilər.

Öz növbəsində Azərbaycan nümayəndə heyətinin üzvləri Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizə sahəsində görülmüş işlər, mövcud təcrübə, Respublikada həyata keçirilən məhkəmə-hüquq islahatları, Avstriya-Azərbaycan hüquq əməkdaşlığı barədə Avstriyalı həmkarlarına məlumat vermişlər. Həmçinin ölkə başçısı tərəfindən məhkəmə-hüquq islahatlarının dərinləşdirilməsi sahəsində görülmüş tədbirlər xüsusi vurğulanaraq müasir məhkəmələrin maddi-texniki imkanları və elektron məhkəmə sistemi barədə də məlumat verilib.

Nümayəndə heyətinin üzvləri Avstriya həmkarlarına onları maraqlandıran suallar vermiş, tərəflər üçün maraq kəsb edən məsələlər barədə müzakirələr aparılmışdır.

Səfər müddətində nümayəndə heyəti, həmçinin Vyanadakı əcnəbi azyaşlı miqrantlar üçün olan Drehscheibe Krizis Mərkəzini, insan alveri qurbanı olan qadınlar üçün Müdaxilə Mərkəzini, Avstriyanın Cinayət Kəşfiyyat Xidmətini də ziyarət ediblər. Qaçaqçılıq və insan alveri əleyhinə müştərək əməliyyat idarəsinin rəhbəri Brigadier Gerald Tatzgern Xidmətin inzibati binası ilə nümayəndə heyətini tanış etmiş və fəaliyyəti barədə geniş məlumat verib.