Xəbərlər

"YUVENAL PROBASİYA" MÖVZUSUNDA TƏLİM

2019-06-21

Ədliyyə Akademiyası tərəfindən ədliyyə işçilərinin bilik və bacarıqlarının artırılması məqsədilə mütəmadi seminarlar, ixtisasartırma kursları və digər tədbirlər keçirilir, bu sahədə digər dövlət qurumları və beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlıq edilir.
BMT-nin Uşaq Fondunun (UNİCEF) Azərbaycandakı Nümayəndəliyinin, Ədliyyə Nazirliyi Probasiya Xidmətinin və Ədliyyə Akademiyasının birgə təşkilatçılığı ilə Probasiya xidmətinin əməkdaşları üçün “Yuvenal Probasiya” mövzusunda iki günlük təlim keçirilib.
Tədbiri giriş sözü ilə Ədliyyə Akademiyasının rektor əvəzi Elçin Xələfov, Probasiya xidmətinin rəis müavini Musa Hümbətov və UNICEF-in Azərbaycandakı nümayəndəliyinin Uşaq müdafiəsi proqramının rəhbəri Vüqar Salmanov açaraq, ölkəmizdə yuvenal ədliyyənin inkişafı üzrə görülən işlərdən, Probasiya institutunun azadlıqdan məhrumetməyə alternativ cəzaların icrasında rolundan bəhs edib, bu sahədə işin səmərəli təşkili, icra və probasiya məmurlarının peşəkarlıqlarının artırılması baxımından təlimin əhəmiyyətindən danışıblar.
Təlimdə “Yuvenal ədliyyə sistemi. Azərbaycanda təcrübə və görülmüş işlər barədə məlumat”,“Probasiya xidmətinin anlayışı, yaranma tarixi, probasiya xidmətində sosial işin təşkili, yetkinlik yaşına çatmayanların fərdi xüsusiyyətlərinin xarakteristikası” kimi mövzular barədə təqdimatlar dinləyicilərin diqqətinə çatdırılıb. 

Proqrama əsasən təlimlər interaktiv şəkildə həyata keçirilərək, mövzu ətrafında müzakirələr, müxtəlif qrup işləri aparılıb.