Xəbərlər

ƏDLİYYƏ AKADEMİYASINDA KİBERCİNAYƏTKARLIQLA MÜBARİZƏYƏ DAİR VİDEO-KONFRANS KEÇİRİLİB

2019-07-10

Ölkə Prezidenti cənab İlham Əliyevin ədalət mühakiməsinin səmərəliliyinin artırılması ilə bağlı tapşırıqları çərçivəsində hakimlərin və digər hüquqşünasların peşəkarlıq səviyyəsinin yüksəldilməsinə xüsusi diqqət yetirilir, Ədliyyə Akademiyasında insan hüquqları, cinayətkarlıqla mübarizə və digər aktual mövzularda davamlı tədris tədbirləri, o cümlədən distant treninq formaları tətbiq olunmaqla video-konfrans vasitəsilə təlimlər təşkil olunur. Bu sahədə həmçinin bir çox dövlətlərlə faydalı əməkdaşlıq edilərək təcrübə mübadiləsi aparılır.
"Ədliyyə Akademiyası ilə Ukrayna Hakimlərinin Milli Məktəbi arasında əməkdaşlıq haqqında" Memorandumun implementasiyası çərçivəsində Akademiyada "Kibercinayətkarlıq haqqında Budapeşt Konvensiyası" mövzusunda video-konfrans vasitəsilə təlim keçirilib.
Hakimlərin, prokurorların və Akademiyanın əməkdaşlarının iştirak etdiyi tədbirdə Ali Məhkəmənin hakimi, Məhkəmə-Hüquq Şurası Tədris Sektorunun rəhbəri İlqar Xələfov və Ukrayna Hakimləri Milli Məktəbinin prorektoru Anatoliy Kostenko açılış nitqi ilə çıxış edib, səmərəli əməkdaşlıqda keçirilən distant təlimin yaxşı təcrübələrin öyrənilməsinin, video-konfranslar vasitəsilə daha çevik təlim metodunun tətbiqinin əhəmiyyətini qeyd edib, müasir dövrdə kibercinayətkarlıqla mübarizə üzrə ikitərəfli və regional əməkdaşlığa dair məsələlərin aktuallığını vurğulayıblar.
Video-konfransda Taras Şevçenko adına Kiyev Dövlət Universitetinin Hüquq fakültəsinin Ədalət mühakiməsi kafedrasının dosenti, Ukrayna Hakimləri Milli Məktəbinin elmi işçisi, hüquq elmləri namizədi Nataliya Ahtırskayanın “Kibercinayətkarlıq haqqında Budapeşt konvensiyasının Ukraynada implementasiyası (tətbiqi)” və Məktəbin şöbə müdiri, hüquq elmləri namizədi Aleksandr İşenkonun “Kibercinayətkarlıq haqqında Budapeşt konvensiyasının tətbiqi mexanizmləri: məhkəməyə qədər təhqiqat və məhkəmə təcrübəsi” mövzularında mühazirələri dinlənilib, maraqlı diskussiyalar keçirilərək fikir mübadiləsi aparılıb, dinləyiciləri maraqlandıran suallara aydınlıq gətirilib.

Tədbir iştirakçıları bu cür müasir və aktual mövzulara dair distant təlimlərin təşkilinin onların bilik və bacarıqlarının artırılmasında səmərəsini qeyd ediblər.