Xəbərlər

HÜQUQİ YARDIMLA BAĞLI ƏDLİYYƏ NAZİRLİYİ VƏ Aİ-NIN BİRGƏ SEMİNARI KEÇİRİLİB

2019-09-03

Ədliyyə Nazirliyi və Avropa İttifaqının Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən 3 sentyabr tarixində “Holiday İnn”  mehmanxanasında “Azərbaycan ədliyyə sisteminin inkişafına və cinayət işləri üzrə məhkəmə qərarlarını icra edən qurumların göstərdiyi xidmətlərin təkmilləşdirilməsinə dəstək” adlı layihə çərçivəsində Hüquqi yardım və hüquqi maarifləndirmə üzrə seminar keçirilib.

Ədliyyə Nazirliyinin və regional ədliyyə idarələrinin nümayəndələrinin, hakimlərin, vəkillərin, layihənin rəhbər heyəti və ekspertlərinin iştirakı ilə keçirilmiş tədbirin açılışında Aİ layihəsinin rəhbəri cənab Gerassimos Fourlanos və Ədliyyə Nazirliyindən cənab Vüqar Ağayev layihənin məqsədləri və müzakirə olunacaq məsələlər barədə məlumat vermiş, seminarın birinci sessiyasında layihənin köməkçi eksperti xanım Helena Papa hüquqi yardım və hüquqi maarifləndirmə üzrə beynəlxalq və Avopa standartları, habelə Avropa Məhkəməsinin bu sahədə presedent hüquqi ilə bağlı, ikinci sessiyada isə layihənin digər köməkçi eksperti cənab Viktor Gumi hüquqi yardim və maarifləndirmə sistemlərinin inkişafı üzrə mütərəqqi təcrübələr və modellər haqqında çıxışlar etmişlər.

Seminarın üçüncü sessiyası isə bütövlükdə Ədliyyə Akademiyasının hüquqi yardım təcrübəsinə həsr edilmiş, sessiyada Akademiyanın hüquqi maarifləndirmə və hüquqi yardım fəaliyyəti, həyata keçirilən təlimlər, ixtisasartırma kursları və praktiki vərdişlərin aşılanması üzrə aparılan işlər, habelə bu sahədə əldə olunan nailiyyətlərlə bağlı rektor vəzifəsini icra edən Elçin Xələfov tərəfindən geniş məruzə ilə çıxış edilib. Həmçinin, Akademiyanın Hüquq klinikasının və yeni yaradılan Hüquqi təminat bölməsinin hüquqi yardım təcrübəsi, o cümlədən gənc hüquqşünasların əhalinin aztəminatlı təbəqəsinə pulsuz hüquqi yardıma cəlb edilmə prosesi ilə bağlı Səyyad Məcidov tərəfindən çıxış edilib.

Hər bir sessiyanın yekununda tədbir iştirakçıları tərəfindən müvafiq mövzular üzrə ətraflı müzakirələr aparılmış, verilən suallar çavablandırılıb, sonda seminar iştirakçılarına sertifikatlar təqdim edilib.