Xəbərlər

ƏDLİYYƏ AKADEMİYASININ ƏMƏKDAŞLARI MACARISTANDA TƏLİM SƏFƏRİNDƏ OLUBLAR

2019-10-29

Oktyabrın 21-22-də Macarıstanın paytaxtı Budapeşt şəhərdində Avropa İttifaqı və Avropa Şurası tərəfindən maliyyələşdirilən II  Şərq Tərəfdaşlığı Proqramı üzrə "İstanbul Konvensiyası və digər Avropa gender bərabərliyi standartlarına əsaslanan Qadınların ədalət mühakiməsinə çatımlılığı" regional layihəsi çərçivəsində təlim təşkil edilib.

Gürcüstan, Moldova, Ukrayna, Belarusiya və Ermənistan nümayəndə heyətinin iştirakı ilə keçirilmiş təlimdə ölkəmiz Ədliyyə Akademiyasının bir qrup əməkdaşı və bir nəfər hakim tərəfindən təmsil olunub.

Təlimdə Avropa Şurasının Gender bərabərliyi sahəsi üzrə ekspertləri Elizabet Duban və Zora Sisalaqavits tərəfindən layihənin məqsədi, gözlənilən nəticələr, Təlimçilik Proqramına dair praktiki bələdçinin hazırlanması, “Gender eynəyi” və onun nəzəri və praktiki tərəfləri izah olunub, həmçinin Şərq Tərəfdaşlığı ölkələrində Avropa gender bərabərliyi standartlarına cavab verən təcrübənin öyrənilməsi və həmin ölkələrdə bu standartların tətbiqi məsələlərinə dair fikir mübadiləsi aparılıb.

Eyni zamanda, təlimdə ekspertlər tərəfindən nümayəndə heyətinin üzvlərinə qruplarla iş, dinləyici qrupların diqqətini cəlb etmək üçün müxtəlif interaktiv metodlardan istifadə, mövzunun mahiyyətinin  və mümkün metodoloji sualların aydınlaşdırılması kimi təlimçilik bacarıqları aşılanıb.

Təlimin yekununda  layihənin müddəti, nümayəndə heyətinin üzvləri tərəfindən verilən müxtəlif şərhlər əsasında Təlimçilik Proqramına dair praktiki bələdçinin hazırlanması barədə iştirakçıları maraqlandıran məsələlər müzakirə edilib, Layihəni İdarəetmə Komitəsinə üzvlərin seçilməsi ilə bağlı gələcəkdə görüləcək işlər barədə  təkliflər verilib, habelə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.