Xəbərlər

"AVROPA ƏDALƏT GÜNÜ” İLƏ ƏLAQƏDAR TƏDBİRLƏR DAVAM EDİR

2019-10-26

 

Avropa Şurasının və Avropa Komissiyasının təşəbbüsü ilə 2003-cü ildən etibarən 25 oktyabr Avropa Ədliyyə Günü ölkəmizdə də geniş qeyd olunur, bu münasibətlə məhkəmələrdə "açıq qapı" günləri, hüquqi maarifləndirmə, məhkəmə fəaliyyəti ilə tanışlıq tədbirləri keçirilir.
Həmin tədbirlər çərçivəsində Ədliyyə Akademiyası tərəfindən ədliyyə orqanlarına qulluğa qəbulla bağlı müsabiqədə uğur qazanaraq icbari təlim keçən namizədlər üçün Bakı Apellyasiya Məhkəməsində maarifləndirici tədbir keçirilib.
Tədbirdə "25 oktyabr – Avropa Ədliyyə Günü". Avropa Şurası Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının (CEPEJ) alətləri və standartlarının anlayışı və tətbiqi", "İnsan hüquqlarının müdafiəsi sahəsində milli və beynəlxalq mexanizmlər", "Azərbaycan Respublikasında aparılan məhkəmə-hüquq islahatlarının müasir mərhələsi" kimi mövzular üzrə mühazirələr dinləyicilərin diqqətinə çatdırılıb.
Sonra iştirakçılar Apellyasiya Məhkəməsinin fəaliyyəti ilə tanış olublar.
Avropa Ədliyyə Günü münasibətilə həmçinin, Bakı Dövlət Univesiteti ilə birgə Yasamal Rayon Məhkəməsində IV kurs hüquq fakültəsinin tələbələrinin, Ədliyyə Nazirliyinin könüllülərinin, Vəkillər Kollegiyasının üzvlərinin iştirakı ilə səhnələşdirilmiş məhkəmə prosesi keçirilib. Məhkəmənin hakimi Ayaz Məmmədov iştirakçılara ədalət mühakiməsinin məqsəd və məramına, məhkəmə prosesinin xüsusiyyətlərinə dair məlumat verib. Bildirilib ki, səhnələşdirilmiş məhkəmə prosesinin əsas məqsədi tələbələr tərəfindən nəzəri biliklərin daha yaxşı mənimsənilməsi, bu biliklərin real praktiki şəraitdə tətbiq olunmasıdır.