Xəbərlər

ƏDLİYYƏ AKADEMİYASI VƏ ƏQLİ MÜLKİYYƏT AGENTLİYİNİN BİRGƏ TƏŞKİLATÇILIĞI İLƏ “ƏQLİ MÜLKİYYƏT HÜQUQLARININ MÜDAFİƏSİNİN TƏMİNATI: İXTİSASLAŞMIŞ MƏHKƏMƏLƏRİN MİLLİ VƏ BEYNƏLXALQ TƏCRÜBƏSİ” MÖVZUSUNDA SEMİNAR KEÇİRİLMİŞDİR

2019-12-06

Cari il 5-6 dekabr tarixlərində Ədliyyə Akademiyası, Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi və Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) birgə təşkilatçılığı ilə “Əqli mülkiyyət hüquqlarının müdafiəsinin təminatı: ixtisaslaşmış məhkəmələrin milli və beynəlxalq təcrübəsi” mövzusunda seminar keçirilmişdir.

Seminarda ÜƏMT-nin Hüquq İnstitutunun nümayəndəsi xanım Nahal Zebarcadi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri Gündüz Kərimov, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva, Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin idarə heyətinin sədri Kamran İmanov, Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev və Ədliyyə Akademiyasının rektoru vəzifəsini icra edən Elçin Xələfov açılış nitqi ilə çıxış etmişdir.

 

Məruzəçilər seminarın aktual mövzuya - əqli mülkiyyət hüquqlarının müdafiəsinin təminatı, ixtisaslaşmış məhkəmələrin milli və beynəlxalq təcrübəsinə həsr olunduğunu söyləyiblər. Tədbirin ölkə Prezidentinin məhkəmə-hüquq sistemindəki islahatları ilə bağlı olduğu, bir tərəfdən dövlət başçısının məhkəmə-hüquq sistemində, digər tərəfdən isə əqli mülkiyyət (ƏM) sahəsində apardığı islahatların dəstəklənməsi məqsədi daşıdığı bildirilib. Daha sonra  dövlət başçısının “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 2019-cu il 3 aprel tarixli Fərmanının icrasının ölkəmizdə insan hüquq və azadlıqlarının səmərəli təmin olunmasına mühüm töhfələr verməsi, Azərbaycan Respublikasının Konstitusiyasının 30-cu maddəsində təsbit edilən əqli mülkiyyət hüququnun ölkəmizdə təmin olunması məqsədilə həm qanunvericilikdə, həm də onların icrası istiqamətində görülən mühüm işlər vurğulanıb.  Həmçinin, elmi-texniki tərəqqinin inkişafı ilə əlaqədar əqli mülkiyyət məhsullarının cəmiyyətin bütün sahələrində tətbiq olunması, süni intellektin tətbiqinin geniş yayıldığı qeyd olunub.

Cəmiyyət yeni inkişaf mərhələsinə qədəm qoyub və hüquq sahəsində aparılan islahatlar, məhkəmə sistemində çalışan hakimlərin bilik səviyyəsi bu inkişafın tələblərinə cavab verməlidir.

Tədbirdə Milli Məclisin nümayəndələri, hakimlər, vəkillər, dövlət qulluqçuları iştirak etmişdir.

Seminarda Haaqa Məhkəməsinin baş hakimi Edqer Brinkmanın “Əqli Mülkiyyət mübahisələri üzrə ixtisaslaşmış məhkəmə orqanlarının yeni formaları”, ÜƏMT-nin nümayəndəsi Nahal Zebarcadinin “ÜƏMT-nin fəaliyyəti və ÜƏMT-nin məhkəmələrlə işinin təşkili ilə tanışlıq” və “Beynəlxalq xüsusi hüquqda əqli mülkiyyət sahəsinə aid mübahisələr”, Apelyasiya Şurasının sədri Günel Sevdimalıyevanın “Azərbaycanda Əqli Mülkiyyət Agentliyinin Apelyasiya Şurasının və əlaqədar olan məhkəmə qərarlarının icmalı və beynəlxalq təcrübə”, Əqli Mülkiyyət Agentliyinin Hüquq, apelyasiya və daxili nəzarət şöbəsinin müdiri İqbal Əsgərovun “Əqli mülkiyyət hüquqlarının pozuntularına qarşı hüquqi müdafiə vasitələri”, Əqli Mülkiyyət Agentliyinin Hüquq, apellyasiya və daxili nəzarət şöbəsinin müdiri İqbal Əsgərovun “Əqli mülkiyyət hüquqlarının pozuntularına qarşı hüquqi müdafiə vasitələri” mövzularında məruzələri dinlənilib.