Xəbərlər

ƏDLİYYƏ AKADEMİYASINDA PROKURORLUQ ORQANLARINA QULLUĞA QƏBUL EDİLƏN NAMİZƏDLƏRİN İCBARİ TƏLİM KURSU BAŞLAYIB

2019-12-10

Ədliyyə Akademiyasında Azərbaycan Respublikasının prokurorluq orqanlarına ilk dəfə qulluğa qəbul edilən 29 nəfər namizədin peşə fəaliyyətinə buraxılması məqsədilə icbari təlimin başlanması ilə əlaqədar tədbir keçirilib.

 

Tədbirdə Ədliyyə Akademiyasının Elmi katibi Vüsal Əhmədov, Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin rəisi Nazir Bayramov və Baş Prokurorluğunun Kadrlar idarəsinin rəis müavini Nigar Talıblı namizədlər qarşısında çıxış ediblər.

 

Qeyd olunub ki, prokurorluq orqanlarına namizədlərin peşə fəaliyyətinə buraxılması məqsədilə nəzərdə tutulan icbari təlimin proqramı Baş Prokurorluq və Ədliyyə Akademiyası ilə birgə hazırlanıb və proqrama müvafiq yeniliklər edilib.  Proqrama əsasən təcrübi əhəmiyyət kəsb edən mövzular daxil edilib, prokurorluq fəaliyyətinin konstitusion, maddi və prosessual əsasları, insan hüquqları və avropa məhkəməsinin presedent hüququ, prokurorluğun tarixi və s. mövzulara xüsusi diqqət yetirilib. Kurs çərçivəsində namizədlərin Azərbaycan Respublikası Ali Məhkəməsinin, Bakı İstintaq təcridxanasının fəaliyyəti ilə tanışlığı da nəzərdə tutulub.

 

Təlimə mühazirəçi qismində Ədliyyə Akademiyasının, Baş Prokurorluğun, Məhkəmə Ekspertizası Mərkəzinin və digər qurumların təcrübəli əməkdaşları cəlb olunublar.

 

Həmçinin tədbirdə namizədlərin gələcək fəaliyyətlərində müvəffəqiyyətlər arzulanıb, onıara daim öz üzərlərində işləməsi və bilik səviyyələrini mütəmadi artırmaları tövsiyə olunub.