Xəbərlər

AVROPA İNSAN HÜQUQLARI MƏHKƏMƏSİ VƏ ƏDLİYYƏ AKADEMİYASININ BİRGƏ TƏŞKİLATÇILIĞI İLƏ VİDEO-KONFRANS VASİTƏSİLƏ TƏLİM KEÇİRİLİB

2019-12-13

Son illərdə Ədliyyə Akademiyası və Avropa İnsan Hüquqları Məhkəməsi arasında Avropa İnsan Hüquqları Konvensiyasının müxtəlif maddələri ilə bağlı video-konfransların keçirilməsi davamlı xarakter alıb. Ədliyyə Akademiyasında insan hüquqları və digər aktual mövzularda davamlı tədris tədbirləri, o cümlədən distant treninq formaları tətbiq olunmaqla video-konfrans vasitəsilə təlimlər təşkil olunur.

Cari ilin 13 dekabr tarixində Ədliyyə Akademiyasında Avropa İnsan Hüquqları Məhkəməsi və Ədliyyə Akademiyasının birgə təşkilatçılığı ilə “Avropa İnsan Hüquqları Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsi (Mülkiyyət hüququ)” mövzusunda video-konfrans vasitəsilə təlim keçirilib.

Təlimin açılışında Ədliyyə Akademiyasının rektoru vəzifəsini icra edən Elçin Xələfov açılış nitqi ilə çıxış edərək hər kəsi salamlamış, daha sonra Avropa İnsan Hüquqları Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinin ən çox pozuntuya rast gəlinən maddələrdən biri olduğunu və tədbirin də məhz bu səbəbdən bu mövzuya həsr olunduğunu vurğulamışdır.

Tədbirdə apellyasiya və I instansiya məhkəmələrindən olmaqla 25 hakim iştirak etmişdir.

Keçirilmiş təlim zamanı Avropa İnsan Hüquqları Məhkəməsinin Katibliyinin baş hüquqşünası Vüqar Fətəliyevin təqdimatı dinlənilmişdir. V.Fətəliyev çıxışı zamanı Azərbaycanda pozuntuya ən çox rast gəlinən maddələrin Avropa İnsan Hüquqları Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsi (Mülkiyyə hüququ) və 6-cı maddəsinin (Ədalətli məhkəmə araşdırması hüququ) olduğunu qeyd etmişdir. Həmçinin pozitiv və neqativ öhdəliklərdən bəhs etmiş, maddə ilə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinin bəzi qərarlarını hakimlərin diqqətinə çatdırmışdır.