Xəbərlər

ƏDLİYYƏ AKADEMİYASINDA HAKİMLƏR ÜÇÜN İXTİSASARTIRMA KURSLARI KEÇİRİLİR

2019-12-20

 

Ədliyyə Akademiyasında hakimlər üçün Mənzil Məcəlləsinin tətbiqinin bəzi məsələlərimövzusunda ixtisasartırma kursu keçirilib.

 

34 hakimin iştirak etdiyi kursda Ali Məhkəmənin və Bakı Apellyasiya Məhkəməsinin hakimlərinin mühazirələri dinlənilib.

Kursda yaşayış sahəsinin təyinatının dəyişdirilməsi, onun yenidən planlaşdırılması və ya yenidən qurulması sahəsində yaranan mübahisələrə məhkəmədə baxılması xüsusiyyətləri, Mənzil-Tikinti Kooperativlərinin fəaliyyəti ilə bağlı yaranmış mənzil mübahisələrinə baxılmasının xüsusiyyətləri, sosial kirayə müqaviləsi ilə verilən yaşayış sahələrinin hüquqi rejimi, yaşayış sahəsindən istifadə hüququ ilə bağlı yaranan məhkəmə mübahisələrində Mülki Məcəllənin və Mənzil Məcəlləsinin qarşılıqlı tətbiqi kimi məsələlər hakimlərin diqqətinə çatdırılıb.

Həmçinin Bakı şəhəri Yasamal Rayon Məhkəməsində hakimlər üçün “Məhkəmələrdə müasir informasiya-kommunikasiya texnologiyalarının  tətbiq məsələləri” mövzusunda ixtisasartırma  kursu keçirilib.

 

14 hakimin cəlb edildiyi kursda Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin və Ədliyyə Nazirliyinin İnformasiya-kommunikasiya texnologiyaları idarəsinin nümayəndələrinin təqdimatları dinlənilib.

 

Kursda müasir idarəetmənin sosial-hüquqi aspektləri, məhkəmələrdə  müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin əsasları, “Elektron məhkəmə” informasiya sisteminin yaradılmasının ədalət mühakiməsinin həyata keçirilməsində rolu, elektron hökümət kimiməsələlər hakimlərin diqqətinə çatdırılıb.