Xəbərlər

ƏDLİYYƏ AKADEMİYASINDA 20 YANVAR FACİƏSİNİN 30-CU İLDÖNÜMÜ İLƏ BAĞLI TƏDBİR KEÇİRİLİB

2020-01-17

Xalqımızın milli qəhrəmanlıq salnaməsinə çevrilmiş 1990-cı il 20 Yanvar faciəsindən 30 il ötür.

Bu hadisələrin ildönümü ilə əlaqədar Ədliyyə Akademiyasında keçirilmiş anma mərasimində faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Akademiyanın rektoru vəzifəsini icra edən baş ədliyyə müşaviri Elçin Xələfov ölkəmizin müstəqilliyi uğrunda keçdiyi tarixi yolu bir daha nəzərdən keçirərək, həmin ağır günlərdə xalqımıza qarşı insanlıq əleyhinə cinayətlərin törədilməsini cəsarətlə bəyan edən ümummilli lider Heydər Əliyev tərəfindən bu qanlı hadisələrə ilk dəfə hərtərəfli və obyektiv siyasi-hüquqi qiymət verildiyini, şəhid olanların xatirəsinin əbədiləşdirilməsi məqsədilə mühüm tədbirlər həyata keçirildiyini, şəhid ailələri və əlillərin dövlət qayğısı ilə əhatə olunduğunu diqqətə çatdırıb.

Daha sonra Ədliyyə Akademiyasının Elmi-tədqiqat və doktorantura şöbəsinin baş elmi işçisi, professor Xəyyam İsmayılov həmin dövrdə Bakıda törədilən faciəli hadisələr haqqında çıxış edib. Qeyd olunub ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakı şəhərinə və Azərbaycanın bir neçə rayonuna keçmiş Sovet İttifaqının qoşun hissələri fövqəladə vəziyyət elan edilmədən yeridilmiş, dinc əhaliyə divan tutulmuş, yüzlərlə insan qətlə yetirilmiş, yaralanmış və itkin düşmüşdür. O, həmçinin vurğulamışdır ki, 20 Yanvar hadisələrinə Qarabağ hadisələri, erməni separatizmi ilə əlaqəli şəkildə qiymətləndirilməlidir. Belə ki, 1990-cı ildə Bakıda 20 Yanvar və Azərbaycan tarixində ondan əvvəl baş vermiş faciəli hadisələr XX əsr boyu xalqımıza qarşı yeridilən düşünülmüş siyasətin növbəti təzahürü idi. Sovet rəhbərliyinin himayədarlığı ilə başlayan Dağlıq Qarabağ hadisələri, Azərbaycan xalqına qarşı soyqırımı və azərbaycanlıların Ermənistan ərazisindəki əzəli torpaqlarından qovulması bu siyasətin mərhələləridir.

Daha sonra tədbir müzakirələrlə davam etdilir. Müzakirələr zamanı əməkdaşlar hadisənin cinayət hüquqi aspektdə qiymətləndirilməsi barədə fikirlər səsləndiriblər. Akademiyanın rektoru vəzifəsini icra edən E. Xələfov bu sahədə olan normativ-hüquqi bazanın, elmi ədəbiyyatın toplanaraq məcmu şəkildə dərc edilməsi barədə tövsiyələr verib. Tədbirdə 20 Yanvar hadisələrinə həsr olunmuş qısa sənədli filmin nümayişi həyata keçirilib.

Tədbirdə ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən müstəqil dövlətimizin qüdrətlənməsi, bu tarixi gün barədə həqiqətlərin beynəlxalq ictimaiyyətə geniş çatdırılması üzrə məqsədyönlü addımların atıldığı qeyd edilib, şəhidlərimizin əziz xatirəsinin hər bir azərbaycanlının qəlbində əbədi yaşayacağı bildirilib.