Xəbərlər

ƏDLİYYƏ NAZİRLİYİNİN ƏDLİYYƏ AKADEMİYASINDA PUBLİK MÜHAZİRƏLƏR TƏŞKİL OLUNUR

2020-01-23

Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasında hüquqi maarifləndirmə tədbirləri davam etdirilir.

Respublikamızda aparılan məhkəmə-hüquq islahatları, iqtisadi islahatlar barədə geniş ictimaiyyəti məlumatlandırmaq məqsədilə Ədliyyə Akademiyasında publik mühazirələr təşkil edilir.

Publik mühazirələrə hüquqşünaslar, hüquq fakültəsinin tələbələri, doktorantlar, hüquqi məlumat almaq istəyən vətəndaşlar könüllülük və ödənişsiz əsaslarla dəvət olunurlar.

Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2019-cu il tarixli Sərəncamı ilə 2020-ci ilin “Könüllülər ili” elan edilməsi çərçivəsində ilk tədbirin Gənclər günü ərəfəsində, 31 yanvar tarixində, saat 14:00-dan 15:00-dək Ədliyyə Akademiyasının əsas binasının (Bakı şəhəri, Vidadi küçəsi 158) konfrans zalında keçirilməsi nəzərdə tutulur.

“Azərbaycan Respublikasında aparılan məhkəmə-hüquq islahatlarının mahiyyəti” mövzusuna həsr edilmiş tədbirdə mühazirəçi qismində Ədliyyə Nazirliyi İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitova çıxış edəcəkdir.

Publik mühazirədə iştirak etmək istəyən şəxslər Ədliyyə Akademiyasının Katiblik şöbəsi (Tel: 493-71-31, e-mail: info@aaj.gov.az) ilə əlaqə saxlayaq qeydiyyatdan keçməlidirlər.