Xəbərlər

Ədliyyə Akademiyasının Elmi Şurasının iclası keçirilib

2020-01-30

Ədliyyə Akademiyasının ali idarəetmə orqanı olan Elmi Şurasının geniş iclası keçirilib. İclasda akademiya tərəfindən 2019-cu ildə görülən işlər, qarşıda duran vəzifələr müzakirə edilib.
Çıxış edən ədliyyə nazirinin müavini Azər Cəfərov ölkə Prezidenti cənab İlham Əliyevin ədliyyə və məhkəmə sisteminin inkişafı üçün mühüm "yol xəritəsi" olan "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" 2019-cu il 3 aprel tarixli Fərmanının icrası çərçivəsində ötən dövrdə kompleks qanunvericilik, institusional və praktiki tədbirlərin həyata keçirildiyini, o cümlədən Ədliyyə Akademiyasının fəaliyyətinin müasirləşdirilməsinə dair təkliflər hazırlanaraq təqdim olunduğunu diqqətə çatdırıb. Geniş dinləyici auditoriyasına malik olan Akademiyanın müxtəlif kateqoriyadan olan hüquqşünas-dinləyicilərin hazırlanması və ixtisasının artırılmasında, o cümlədən ədliyyə işçiləri, vəkillər və hakimlərin davamlı tədrisində, bu orqanlarda çalışmaq istəyən, habelə prokurorluğa namizədlərin icbari, hakimliyə namizədlərin uzunmüddətli təlimində əhəmiyyətini qeyd edib.
İclasda Akademiyanın prorektoru Elçin Xələfov hesabat məruzəsi ilə çıxış edərək bildirib ki, 2019-cu ildə akademiyada 4.300-dək ədliyyə işçisi, vəkillər, hakimlər, prokurorlar və digər hüquqşünaslar, habelə bələdiyyə üzvü və qulluqçuları icbari təlim, ixtisasartırma və peşə hazırlığı kurslarına cəlb olunublar. Dövlət başçısının adıçəkilən Fərmanının tətbiqi ilə bağlı tədbirlər keçirilib, o cümlədən tədris proqramlarına aktual məsələlərə dair mövzular daxil edilib, mühazirələr oxunub.
Bununla yanaşı, akademiyada fəaliyyət göstərən Hüquq Klinikası tərəfindən 630-dək aztəminatlı şəxsə pulsuz hüquqi yardım göstərilib.
Ötən il həmçinin, Ədliyyə Akademiyasının digər xarici dövlətlərlə beynəlxalq əlaqələri genişlənərək, səmərəli qarşılıqlı fəaliyyət həyata keçirilib, Ukrayna və Moldovanın təhsil qurumları, habelə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi ilə birgə video-konfrans vasitəsilə hakimlər üçün distant təlimlər təşkil olunub, həmçinin hüquqşünasların tədrisi sahəsində mühüm layihələr təşviq edilib.
Sonra Akademiyanın Tədris şöbəsinin ətraflı məruzəsi dinlənilib və müzakirələr aparılıb.
Müzakirələr zamanı nazir müavini görülən işlərlə yanaşı, fəaliyyətin səmərəliliyinin artırılması ilə bağlı qarşıda duran vəzifələrə toxunub. Diqqətə çatdırıb ki, Akademiyanın tədris prosesi ən müasir metodikalar və üsullar tətbiq olunmaqla təkmilləşdirilməli, proqramlara daha aktual və praktikadan, xüsusilə hakimlərin tədrisində məhkəmə təcrübəsindən irəli gələn mövzular daxil edilməlidir. Həmçinin, Ədliyyə Akademiyasında təlimçilər seçilərkən yüksək nəzəri biliyə və geniş təcrübəyə malik şəxslərin cəlb edilməsinin vacibliyi vurğulanıb, praktiki materiallar (ittiham aktı, hökm, qətnamə və s.) təhlil olunmaqla hüquqi yazı mədəniyyətinin formalaşdırılması ilə bağlı təlimlərin təşkil edilməsi, keçirilən tədris kurslarında qazanılan nəzəri biliklərin praktikada tətbiqi vəziyyətinin mütəmadi təhlil olunması, müasir İKT-lər tətbiq olunmaqla distant təhsil metodlarından, həmçinin tədris prosesinin elektronlaşdırılması və təlim materiallarının dinləyicilərə əlçatanlığının təmin edilməsi məqsədilə Akademiyanın Elektron Tədris Platformasının (Moodle Proqramı) imkanlarından daha geniş istifadə edilməsi ilə bağlı və digər konkret tapşırıqlar verilib.
İclasda həmçinin, Elmi Şuranın gündəliyinə daxil olan təşkilati, kadr və digər məsələlərə baxılıb.