Xəbərlər

Ədliyyə Akademiyasında distant təlimlər keçirilir

2020-03-19

Ölkə Prezidenti cənab İlham Əliyevin "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" 2019-cu il 3 aprel tarixli Fərmanının icrası çərçivəsində Ədliyyə Akademiyasının potensialının gücləndirilməsi, tədris işinin ən müasir metodikalar və İKT-lər tətbiq olunmaqla təkmilləşdirilməsi üzrə ardıcıl tədbirlər həyata keçirilir. Tədris prosesinin elektronlaşdırılması və təlim materiallarının dinləyicilərə əlçatanlığının təmin edilməsi məqsədilə Akademiyanın 2017-ci ildən tətbiq olunan Elektron Tədris Platformasının (Moodle Proqramı) imkanları genişləndirilir.
Akademiyada icbari təlim keçən namizədlərə və ixtisasartırma kurslarına cəlb olunan dinləyicilərə Akademiyanın rəsmi saytı (aaj.gov.az) vasitəsilə Platformaya daxil olaraq təlim materialları - proqram və cədvəl, video-dərslərlə tanış olmaq, öz davamiyyətlərini elektron formada izləmək imkanı yaradılıb. İstifadəçilər platformadan qeydiyyatdan keçməklə video-konfrans vasitəsilə distant formada təlim keçə bilirlər.
Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı müsabiqənin test və söhbət mərhələsindən uğurla keçərək Akademiyada icbari təlimə buraxılmış namizədlərlə təhsilin distant formasından istifadə edilərək Elektron Tədris Platforması vasitəsilə video-dərslər keçirilir.
Təlimlərdə kursun proqramına uyğun olaraq müxtəlif mövzularda mühazirələr dinləyicilərin diqqətinə çatdırılır, maraq doğuran suallar ətraflı cavablandırılır.