Xəbərlər

Şəhid ədliyyə işçisinin xatirəsi anılıb

2021-03-13

 Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsi iştirakçılarına hərtərəfli dövlət qayğısı göstərilir, şəhid ailələrinin və yaralı hərbçilərimizin sosial müdafiəsinin və rifahının yaxşılaşdırılması ilə bağlı məqsədyönlü tədbirlər görülür.Bu tədbirlər çərçivəsində Ədliyyə Nazirliyi tərəfindən Vətən müharibəsində iştirak etmiş ədliyyə işçilərinin qayğıları daim diqqətdə saxlanılır, zəruri köməklik göstərilir.Bu gün Vətən Müharibəsində şəhid olmuş Ədliyyə Nazirliyinin əməkdaşı Ruhin Xəlilovun doğum günüdür.Bununla bağlı nazirliyin rəhbərliyi və kollektivi İkinci Fəxri xiyabanda şəhidin məzarını ziyarət edərək, xatirəsini ehtiramla yad etmişlər. Həmçinin, ailəsinə baş çəkilmiş, Ruhin Xəlilov barədə xatirələrini bölüşmüşlər.Ruhin Müzəffər oğlu Xəlilov 1987-ci il martın 13-də Cəbrayıl rayonunun Məzrə kəndində anadan olmuş, erməni silahlı qüvvələri tərəfindən həmin rayonun işğalı nəticəsində 1993-cü ilin avqust ayında məcburi köçkün düşmüş, ailəsi ilə birgə Abşeron rayonunda məskunlaşmışdır.Hüquqşünaslıq ixtisasına yiyələndikdən sonra ədliyyə orqanlarına qulluğa qəbul olunan Ruhin Xəlilov bir müddət icra məmuru vəzifəsində çalışmış, nümunəvi fəaliyyəti ilə fərqlənərək sonradan Ədliyyə Nazirliyinin aparatına irəli çəkilmişdir.Xidməti fəaliyyəti dövründə zəhmətsevərliyi, davranışı və nizam-intizamı ilə kollektivin rəğbətini qazanan R.Xəlilov Vətən müharibəsinin ilk günlərindən könüllü olaraq cəbhəyə yollanmışdır.Torpaqlarımızın azad olunması uğrunda aparılan müharibədə fədakarcasına iştirak edən Ruhin Xəlilov Qubadlı rayonu ətrafında gedən döyüşlərdə mərdlik və şücaət göstərərək oktyabrın 21-də şəhid olmuşdur.Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə R.Xəlilov ölümündən sonra "Vətən uğrunda" və "Qubadlının azad olunmasına görə" medalları ilə təltif edilmişdir.Nazirlik üzrə əmrlə ədliyyə orqanlarında xidməti vəzifələrini layiqincə və vicdanla yerinə yetirdiyinə, habelə əsl vətəndaşlıq nümunəsi və fədakarlıq göstərdiyinə görə R.Xəlilova ölümündən sonra "Fəxri ədliyyə işçisi" adı verilmişdir.Şəhid Ruhin Xəlilovun əziz xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır.

Allah rəhmət eləsin!