Xəbərlər

Prezident İlham Əliyevin məhkum edilmiş bir sıra şəxslərin əfv olunması ilə bağlı Sərəncamı uğurla icra olunub

2021-03-19

 Martın 19-da Ədliyyə Nazirliyinin Penitensiar Xidməti Azərbaycan Prezidenti İlham Əliyevin ötən gün imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” Sərəncamını uğurla icra edib. AZƏRTAC xəbər verir ki, Sərəncamın icrası Milli Məclisin deputatlarının, Ombudsman Aparatının, Ədliyyə nazirinin yanında fəaliyyət göstərən İctimai Komitənin, habelə kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə Penitensiar Xidmətin tabeliyindəki 1, 2, 4, 6, 7, 9, 10, 11, 15, 16, 17 saylı və digər cəzaçəkmə müəssisələrində həyata keçirilib. Ədliyyə Nazirliyinin və Penitensiar Xidmətin məsul əməkdaşları məhkumların saxlanıldıqları cəzaçəkmə müəssisələrinə gələrək Sərəncamın icrasını vaxtında və yüksək səviyyədə təmin ediblər. Prezident tərəfindən əfv olunmuş şəxslər Penitensiar Xidmətin tabeliyindəki cəzaçəkmə müəssisələrindən azadlığa buraxılıblar. Ədliyyə Nazirliyinin nümayəndələri, Penitensiar Xidmətin rəhbərliyi, Ombudsman, Ədliyyə nazirinin yanında fəaliyyət göstərən İctimai Komitənin üzvləri cəzaçəkmə müəssisələrində əfv edilmiş şəxslərə, o cümlədən yeniyetmələr, qadınlar, ahıllar və digər məhkumlara azad olunmaları barədə sənədləri təqdim ediblər. Bununla əlaqədar keçirilən tədbirlərdə çıxış edənlər Novruz bayramı münasibətilə məhkumlara və onların ailə üzvlərinə təbriklərini çatdırıb, bu humanist aktın əhəmiyyəti barədə danışıblar. Vurğulanıb ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin humanizm ənənələrini davam etdirən Prezident İlham Əliyevin milli həmrəyliyə istiqamətlənmiş növbəti addımıdır. Dövlətimizin başçısı bu Sərəncamı məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, törətdikləri cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəza çəkdikləri müddəti və həmin dövrdə davranışlarını nəzərə alaraq, humanizm prinsiplərinə əsaslanaraq imzalayıb. Azadlığa çıxan şəxslər və onları qarşılamağa gələn ailə üzvləri, yaxınları göstərdiyi humanistliyə, mərhəmətlik siyasətinə və Novruz bayramı ərəfəsində imzalanan əfv Sərəncamına görə dövlətimizin başçısı İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevaya minnətdarlıqlarını bildirirlər. Cəzadan azad olunan şəxslər müstəqil dövlətimizin inkişafı yolunda fəaliyyət göstərəcəklərini qeyd ediblər.Tədbirlərdə əfv olunan şəxslərin bu humanist aktdan düzgün nəticə çıxaracaqlarına, Azərbaycan dövlətinin qanunlarına əməl edəcəklərinə və cəmiyyətə adaptasiya olacaqlarına, layiqli vətəndaş olacaqlarına əminlik ifadə edilib. Bildirilib ki, son illər Azərbaycanda insan hüquqlarının müdafiəsi istiqamətində bir sıra humanist qərarlar qəbul olunub. Prezident İlham Əliyevin martın 18-də imzaladığı əfv Sərəncamı da bu humanizm aktlarının tərkib hissəsidir.Qeyd edək ki, Sərəncama əsasən 625 məhkum əfv edilib. Onlardan 475-i azadlıqdan məhrumetmə cəzasından azad olunub. Bundan başqa, 98 nəfərin azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb. Eləcə də ömürlük azadlıqdan məhrumetmə növündə cəza çəkən üç şəxsin cəzası 25 il müddətə azadlıqdan məhrumetmə ilə cəzası ilə əvəzlənib. Həmçinin 49 nəfər isə azadlıqdan məhrumetmə ilə bağlı olmayan müxtəlif cəzalardan azad olunub.Əfv olunan şəxslər arasında xarici ölkələrin vətəndaşları da var.Xatırladaq ki, bundan əvvəlki illərdə də imzalan əfv və amnistiyalar kimi, bu Əfv Sərəncamı da respublikamızın humanizm prinsipləri əsasında inkişaf yolu seçdiyini bir daha nümayiş etdirir.