Xəbərlər

BEYNƏLXALQ HÜQUQ FORUMUNDA ERMƏNİSTANIN HƏRBİ CİNAYƏTLƏRİ DİQQƏTLƏ ÇATDIRILIB

2021-04-22

Aprelin 22-də Özbəkistanın Ədliyyə Nazirliyi tərəfindən rəqəmsal innovasiyalara əsaslanan Dördüncü Sənaye İnqilabı dövründə hüquqa baxış mövzusunda videokonfrans formatında təşkil olunmuş Daşkənd Hüquq Baharı Beynəlxalq Forumu öz işinə başlayıb. Avropa, Asiya və Amerika qitələrindən bir çox dövlətlərin ədliyyə nazirlərinin, məhkəmə və digər orqanların, maliyyə institutlarının rəhbərlərinin, hakimlərin, vəkillərin və elm xadimlərinin, habelə BMT, ATƏT, Dünya Bankı, Venesiya Komissiyası və digər nüfuzlu beynəlxalq təşkilatların yüksək təmsilçilərinin iştirakı ilə keçirilən mötəbər forumda Azərbaycanın ədliyyə naziri Fikrət Məmmədov iştirak edib. "Dövlətin hüquq siyasətinin həyata keçirilməsi: mövcud problemlər və gələcək tendensiyalar" adlı ədliyyə nazirlərinin sessiyasında çıxış edən Azərbaycanın ədliyyə naziri ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə respublikamızda İKT-nin inkişafını, rəqəmsal cəmiyyətin Azərbaycanın 2030-cu ilədək sosial-iqtisadi inkişafa dair milli prioritetlərindən olduğunu vurğulayıb. Bildirilib ki, qanunun aliliyinin gücləndirilməsi və insan hüquqlarının qorunması dövlətin hüquq siyasətinin mərkəzində dayanır və bununla bağlı ölkəmizdə mükəmməl qanunvericilik bazası yaradılaraq dinamik inkişaf edir. Eyni zamanda dövlət başçısının rəhbərliyi ilə məhkəmə sisteminin təkmilləşdirilməsi üzrə xaricdə təqdir olunan islahatlar qeyd edilib, Dünya Bankının iştirakı ilə məhkəmə infrastrukturunun müasirləşdirilərək yüksək texnoloji (hi-tech) məhkəmələrin yaradıldığı bildirilib, artıq bir neçə ildir ki, kommersiya mübahisələri üzrə icraatın yalnız elektron qaydada aparıldığı vurğulanıb. Məhkəməyə müraciət etmək hüququnun yaranması anından məhkəmə qərarlarının icrasının tamamlanmasına qədər bütün prosesi əhatə edən "Elektron məhkəmə"nin ədalət mühakiməsinə əlçatanlığı əhəmiyyətli dərəcədə genişlədirdiyi, şəffaflığı və operativliyi təmin etdiyi diqqətə çatdırılıb, artıq bütün məhkəmələrinin 2/3-də tətbiq edilən e-məhkəmənin ölkə üzrə genişləndirilməsi ilə bağlı görülən işlərə toxunulub. Məhkəməyə əlçatanlığın asanlaşdırılması məqsədilə kompüterə qoşulmadan məlumatları dərhal əldə etməyə, prosesdə mobil qaydada iştiraka və s. imkan verən "Mobil məhkəmə" tətbiqindən bəhs olunub. Dövlət başçısının humanist siyasətinin təzahürü olaraq ölkəmizdə əfvetmə və vaxtından əvvəl şərti azad etmə institutlarının davamlı tətbiqindən danışan nazir cəza siyasətinin humanistləşdirilməsi üzrə atılan mühüm addımları, cinayət qanunvericiliyinə 500-ə yaxın dəyişikliklər edilməklə bir çox əməllərin dekriminallaşdırıldığını, azadlıqdan məhrum etməyə alternativ cəzaların daha effektiv icrasına nəzarətin həyata keçirilməsi məqsədilə yaradılmış Probasiya xidmətinin səmərəli fəaliyyətini, o cümlədən elektron qolbaqların geniş tətbiqini qeyd edib. Forum iştirakçıları vətəndaşlara göstərilən çoxşaxəli elektron ədliyyə xidmətləri, o cümlədən notariat hərəkətlərinin məsafədən, asan və çevik aparılması üçün rəqəmsal innovasiyalarının tətbiqi, həmçinin nazirlik tərəfindən yaradılaraq son zamanlar genişləndirilmiş "Mobil notariat" proqram təminatı barədə məlumatlandırılıb. Eyni zamanda Azərbaycan brendi olan və ədliyyənin də mühüm xidmətlər göstərdiyi "ASAN xidmət"in səmərəli fəaliyyəti və dövlət xidmətlərinin inkişafına töhfəsinə görə BMT-nin mükafatlarına layiq görüldüyü qeyd olunub, tədbirdə iştirak edən dövlətlərdən artıq ASAN modelindən bəhrələndiyi bildirilib. Tədbirdə bu və digər innovasiyalar barədə məlumat böyük marağa səbəb olub və iştirakçıların sualları cavablandırıb. Ədliyyə naziri çıxışında Ermənistanın ölkəmizə qarşı işğalçılığı, törətdiyi müharibə və insanlıq əleyhinə cinayətləri ilə bağlı xarici həmkarlarına, o cümlədən forumda iştirak edən və digər bir çox dövlətlərə müraciətlər ünvanladığını xatırladaraq tədbir iştirakçılarını Ermənistanın müharibə və ondan sonrakı dövrdə beynəlxalq humanitar hüquq normalarına zidd davam edən cinayət əməlləri barədə məlumatlandırıb. Ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad olunması uğrunda xalqımızın Böyük Qələbə qazandığı Vətən müharibəsi zamanı təcavüzkar düşmənin beynəlxalq humanitar hüquq normalarını kobud şəkildə pozmaqla yaşayış məntəqələrimizi qadağan olunmuş kassetli və fosforlu bombalarla atəşə tutaraq uşaqlar və qadınlar daxil olmaqla 100-ə yaxın mülki vətəndaşın həlak olması ilə nəticələnən müharibə cinayətləri xüsusilə diqqətə çatdırılıb. Bildirilib ki, kiçik Tərtər şəhərinə 16 min bomba atılıb. Azad edilmiş torpaqlara səfər edən xarici jurnalistlər ermənilər tərəfindən viran edilmiş Ağdam şəhərini isə Qafqazın "Xirosima"sı adlandırırlar. F.Məmmədov Ermənistanın humanitar yardım adı altında mülki aviasiya vasitəsilə qanunsuz silah-sursat alaraq münaqişə zonasına göndərməsini, xarici muzdlu döyüşçüləri cəlb etməsini tədbir iştirakçılarının diqqətinə çatdırıb. İşğal dövründə həmin ərazilərin cinayət, o cümlədən qeyri-qanuni iqtisadi fəaliyyət üçün istifadə olunduğu vurğulanaraq törədilmiş cinayətlərin ölkəmizdə araşdırılması ilə bağlı bir çox xarici, o cümlədən forumda təmsil olunan dövlətlərə nazirlik tərəfindən 50-dən artıq sorğu göndərildiyi və bununla əlaqədar zəruri istintaq hərəkətlərinin aparılmasının tələb olunduğu qeyd edilib. Tədbirdə beynəlxalq ictimaiyyətin şahidi olduğu erməni vandalizminin nəticələri – azad edilmiş torpaqlarımızın büsbütün dağıdıldığı, maddi və mədəni sərvətlərimizin, dini abidələrimizin məhv və ya talan edildiyi bildirilib. Müharibədən sonra Ermənistanın mina xəritələrini qərəzli olaraq verməməsinin dinc sakinlər və sülhməramlılar arasında xəsarətlərə və yeni qurbanlara səbəb olduğu, yaralanan və həlak olan ancaq mülki vətəndaşların sayının 100-ü ötdüyü təəssüflə qeyd edilib. Bununla belə Azərbaycanın bölgədə yeni formatda əməkdaşlığa hazır olduğu, həmçinin işğaldan azad edilmiş torpaqlarımızın bərpası ilə bağlı müasir İKT-lər tətbiq edilməklə "ağıllı şəhər", "ağıllı kənd" konsepsiyasından istifadə edərək nəhəng quruculuq işlərinin aparıldığı qeyd olunub. Aprelin 23-də öz işini davam etdirəcək forumda pandemiya şəraitində hüquq institutlarının fəaliyyəti, arbitraj, mediasiya və vəkilliyin inkişaf perspektivləri, dövlət orqanlarının şəffaflığı üçün rəqəmsal imkanlar, korrupsiyaya qarşı mübarizə və digər bir çox aktual mövzular üzrə müzakirələrin aparılması nəzərdə tutulur.

Ədliyyə Nazirliyi Mətbuat xidmətinin məlumatı