Xəbərlər

AZƏRBAYCANDA KOMMERSİYA ARBİTRAJLARININ YARADILMASI DİQQƏT MƏRKƏZİNDƏDİR

2021-06-09

Azərbaycan hökuməti ilə Avropa İttifaqı tərəfindən həyata keçirilən “Azərbaycanda mübahisələrin alternativ həlli və ixtisaslaşmış məhkəmələrə əlavə dəstək” layihəsi çərçivəsində distant formada arbitrajla bağlı maarifləndirmə tədbiri keçirilib. Tədbirdə Avropa İttifaqı Nümayəndəliyinin nazir-konsulu Simona Qatti və Elçin Xələfov çıxış edərək sözügedən layihənin cari ilin fevral ayından başlandığını və bu sahədə Azərbaycan Respublikasına islahatlar aparılmasında dəstək verilməsi məqsədi daşıdığını bildirdilər. Daha sonra 3 aprel 2019-cu il tarixli “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi” haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanının 11-ci bəndinə əsasən sahibkarlıq fəaliyyəti ilə bağlı mübahisələrin məhkəmədənkənar həlli vasitələrinin genişləndirilməsi məqsədilə, xarici dövlətlərin qabaqcıl təcrübəsi nəzərə alınmaqla ölkəmizdə səmərəli beynəlxalq arbitraj prosedurlarının təşviqinə diqqət yetirilməsi məsələsini xüsusi vurğulayıblar. Tədbirdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının, Ədliyyə və İqtisadiyyat nazirliklərinin, digər dövlət orqanlarının, Ədliyyə Akademiyasının əməkdaşları, ABŞ-ın Kommersiya Departameninin, Azərbaycan Sahibkarlar Konfederasiyasının nümayəndələri, Vəkillər Kollegiyasının üzvləri və hakimlər iştirak ediblər. Seminarda beynəlxalq arbitr və Stokholm Universitetinin professoru Patrisiya Şonessi, beynəlxalq arbitr və Londonun Queen Mary Universitetinin professoru Loukas Mistelis və Azərbaycan Vəkillər Kollegiyasının və ABŞ-ın Nyu York Ştatının lisenziyalı vəkili Ruslan Mirzəyev tərəfindən Azərbaycanda arbitrajın inkişafı ilə bağlı yol xəritəsi, arbitraj və onun faydaları, müxtəlif ölkələrin və institutların mütərrəqi təcrübələri ilə bağlı məsələlər işıqlandırılıb. Tədbirin gedişatı zamanı layihə çərçivəsində hazırlanmış yol xəritəsi ilə bağlı məlumat verilərək, bildirilib ki, bu sahənin inkişafı üçün ilk növbədə maddi və prosessual hüquq normaları təkmilləşdirilməlidir. Bunun üçün də bir sıra qanun layihələri hazırlanmaqdadır. Bildirilib ki, layihə çərçivəsində həmçinin təbliğat proqramı hazırlanıb və aidiyyəti qurumlar cəlb edilərək işçi qrup yaradılıbdır. İş qrupa Avropa İttifaqı, Ədliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi, Vəkillər Kollegiyası, Sahibkarlar Konfederasiyası və Ali Məhkəmədən nümayəndələr daxil ediliblər. Keçirilmiş bu məlumatlandırılma seminarından əlavə olaraq, məlumatlandırma seminarlarının, bu sahədə hakimlər üçün təlimlərin, arbitraj hüquqşünasların və arbitrlərin ilkin təlimlərinin keçirilməsi nəzərdə tutulub. Layihə bitdikdən sonra da bu sahədə Azərbaycana dəstək olmaları üçün UNCITRAL, arbitraj təşkilatları və digər aidiyyəti təşkilatlarla əməkdaşlığın qurulması planlaşdırılır. Qeyd edilib ki, gələcəkdə bu cür maarifləndirmə tədbirlərinin daha çox təşkil olunmasına zərurət mövcuddur və bu istiqamətdə bir çox təlimlərin keçirilməsi nəzərdə tutulur.

Ədliyyə Akademiyası