Xəbərlər

Bələdiyyələrin Fəaliyyətinin Səmərəliliyinin Artırılması Üzrə Tədbirlər Davam Etdirilir

2021-08-03

Ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə respublikamızda aparılan hərtərəfli islahatlar çərçivəsində yerli özünüidarəetmə orqanlarının - bələdiyyələrin fəaliyyətinin təkmilləşdirilməsi üzrə ardıcıl tədbirlər görülür. Ədliyyə Nazirliyi tərəfindən onların fəaliyyətinə qanunçuluğa əməl olunması məqsədilə səmərəli inzibati nəzarət həyata keçirilir, bələdiyyələrin işinin müasir çağırışlara uyğun təşkilinə kömək və metodoloji yardım göstərilir. Nazirliyin Bələdiyyələrlə iş mərkəzində keçirilmiş müşavirədə bu sahədə görülən tədbirlər və qarşıda duran vəzifələr müzakirə olunub. Mərkəzin rəisi Rəhman Məmmədov yerli özünüidarəetmə sahəsində həyata keçirilən islahatlardan danışaraq bələdiyyələrin səlahiyyətlərinin genişləndirildiyini, maliyyə vəziyyətinin yaxşılaşdırıldığını, onların yerli əhəmiyyətli məsələlərin həllində geniş iştirakını vurğulayıb. Nazirlik tərəfindən cari ilin birinci yarısında bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət, onlara göstərilən metodoloji yardım sahəsində görülən işlər barədə məlumat verib. Bildirilib ki, 2021-ci ildə 39 minə yaxın bələdiyyə aktı üzrə inzibati nəzarət həyata keçirilib, 1.283 akt nazirliyin təklifləri əsasında ləğv edilib və ya dəyişdirilib, 2.500 hektar torpaq sahəsinin bələdiyyə mülkiyyətinə və ya sahibliyinə qaytarılması təmin edilib. Pozuntulara yol verən 45 bələdiyyənin vəzifələri şəxsləri barəsində inzibati xəta haqqında protokollar məhkəmələrə təqdim olunub, cinayət xarakterli materiallar isə hüquqi qiymət verilməsi üçün prokurorluğa göndərilərək 5-i üzrə cinayət işi başlanılıb. Qeyd olunub ki, inzibati nəzarət zamanı müəyyən edilmiş hüquq pozuntularının və nöqsanların aradan qaldırılmasına xüsusi önəm verilərək bələdiyyələrə müxtəlif məsələləri əhatə edən 5.400-dən çox tövsiyə göndərilib. Həmçinin həyata keçirilən maarifçilik tədbirləri, eləcə də “bələdiyyələrlə iş portalı” vasitəsilə bələdiyyə aktlarının elektron qaydada göndərilməsi pozuntuların qarşısının alınmasına xidmət edib. İclasda bələdiyyələrin fəaliyyətinin təşkilinə kömək, onların maliyyə vəziyyətinin yaxşılaşdırılması üzrə görülən tədbirlər, o cümlədən icarə haqlarının bazar qiymətlərinə uyğunlaşdırılması, pul tələblərinə dair icrası məcburi aktların qəbulu, bələdiyyə müəssisələrinin yaradılması, bələdiyyə əmlakından səmərəli istifadə edilməsi sahəsində aparılan metodoloji işin müsbət nəticələri qeyd olunub. Bununla yanaşı, bələdiyyə üzv və qulluqçularının hüquqi maarifləndirilməsi diqqətdə saxlanılaraq cari ildə 1.500-dək bələdiyyə nümayəndələrinin şəffaflığın artırılması, müasir İKT-lərin imkanlarından səmərəli istifadə, etik davranış qaydaları, korrupsiyanın yolverilməzliyi və digər aktual mövzular üzrə 130-a yaxın maarifçilik tədbirlərinə cəlb olunduğu, 15 metodiki vəsait hazırlanaraq bələdiyyələrə paylanıldığı bildirilib. Eyni zamanda, yerli özünüidarəetmə sahəsində aidiyyəti qurumlarla, bələdiyyələrin milli assosiasiyaları və beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlığın davam etdirildiyi vurğulanıb. Müşavirədə görülmüş işlərlə yanaşı, mövcud nöqsan və çatışmazlıqlar müzakirə olunub, yerli özünüidarəetmə sahəsində problemlərin həlli istiqamətində bələdiyyələrə kömək edilməsi üçün tədbirlər müəyyən edilib. Mərkəzin rəisi ölkə başçısının maliyyə intizamının gücləndirilməsi, dövlət vəsaitinə qənaət edilməsi, israfçılığa, lüzumsuz xərclərə yol verilməməsi ilə bağlı tələblərini diqqətə çatdıraraq qarşıda duran vəzifələrin mütəşəkkil icrası, o cümlədən inzibati nəzarət icraatında vahid yanaşmanın tətbiqi, bələdiyyələrlə iş portalının təkmilləşdirilməsi, vətəndaşların müraciətlərinə qayğı ilə yanaşılması, etik davranış qaydalarına dönmədən əməl edilməsi ilə bağlı və digər konkret tapşırıqlar verib.

Ədliyyə Nazirliyi Mətbuat xidmətinin məlumatı