Xəbərlər

TÜRKİYƏ ƏDLİYYƏ AKADEMİYASI İLƏ BİRGƏ TƏDBİRLƏR KEÇİRİLİR

2013-04-18


Dost və qardaş Türkiyə və Azərbaycan arasında sıx hüquqi əlaqələr çərçivəsində 2011-ci ildə iki ölkənin Ədliyyə akademiyaları arasında əməkdaşlığa dair sənəd imzalanaraq hüquq sahəsində elmi və təcrübi mübadilənin aparılması, təhsilin dəstəklənməsi üzrə və digər tədbirlər həyata keçirilir, mütəmadi ikitərəfli səfərlər edilir.

Aprelin 14-18-də Azərbaycan Ədliyyə Akademiyasının dəvəti ilə Türkiyə Ali Məhkəməsinin üzvü, Yüksək Seçki Qurumunun sədri, Ədliyyə Akademiyası İdarə Heyətinin üzvü Sadri Güvənin başçılıq etdiyi tərkibi hakimlər, prokurorlar, hüquqşünas alimlərdən ibarət olan 12 nəfərlik nümayəndə heyəti respublikamızda səfərdə olmuşdur.

Səfər çərçivəsində nümayəndə heyəti Fəxri Xiyabanda ulu öndərimiz Heydər Əliyevin əziz xatirəsini yad etmiş, Şəhidlər Xiyabanını və türk əsgərinin məzarını ziyarət etmişdir.

Türkiyə Ədliyyə Akademiyasının nümayəndə heyəti ilə Ədliyyə Nazirliyində görüş keçirilmişdir.

Ədliyyə nazirinin müavini Azər Cəfərovla görüşən qonaqlar ölkəmizə səfərindən məmnunluqlarını ifadə etmiş, Ədliyyə akademiyaları arasında səmərəli qarşılıqlı fəaliyyət çərçivəsində birgə tədbirlərin həyata keçirildiyini, təcrübə mübadiləsinin hər iki tərəf üçün əhəmiyyətini vurğulamış, əlaqələrin daha da dərinləşdirilməsinə hazır olduqlarını söyləmişlər.

Görüşdə ədliyyə orqanları arasında əməkdaşlığın inkişafına dair faydalı fikir mübadiləsi aparılmış, qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunmuşdur.

Sonra ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov nümayəndə heyətini qəbul etmişdir.

Dövlətlərimiz arasında strateji tərəfdaşlıq və dostluq münasibətlərinin dinamik inkişafını qeyd edən nazir iki ölkənin Ədliyyə nazirlikləri arasında əlaqələrin yüksək səviyyədə olmasını məmnunluqla vurğulamış, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan genişmiqyaslı ədliyyə və məhkəmə islahatlarından, o cümlədən hakimlərin Avropada örnək kimi dəyərləndirilən ən şəffaf seçimindən və tədris prosesindən danışaraq, bu tədbirlərdə türkiyəli mütəxəssislərin iştirakını, qardaş ölkənin Ədliyyə Akademiyasının dəstəyi ilə son illər 160-a yaxın hakimliyə namizədin Türkiyədə yarım aylıq nəzəri və praktiki təlimlər keçdiyini qeyd etmişdir.

Azərbaycana səfəri zamanı özlərini doğma Vətənindəki kimi hiss etdiklərini vurğulayan qonaqlar ölkələrimiz arasında hüquqi sahədə əməkdaşlığın daha da dərinləşdirilməsinə böyük önəm verdiyini söyləmiş, məhkəmə hüquq sistemində aparılan islahatları maraqla qarşılayaraq, əldə olunan nailiyyətləri yüksək qiymətləndirmiş, nazirlikdə Ədliyyə tarixi muzeyi ilə tanış olmuşlar.

Səfər zamanı həmçinin, Ədliyyə Akademiyasında Türkiyə və Azərbaycan alimləri tərəfindən hazırlanmış Türkcə-Azərbaycanca hüquqi terminoloji izahli lüğətin təqdimat mərasimi keçirilmişdir.

Türkiyəli qonaqların, Ədliyyə Akademiyası və Bakı Dövlət Universiteti nümayəndələrinin, hüquqşünasların və bir sıra tanınmış filoloqların iştirak etdikləri tədbirdə müəllifi Ankara Universitetinin professoru Əjdər Yılmaz olan izahlı lüğətin türk və Azərbaycan hüquq ədəbiyyatının öyrənilməsi baxımından hüquqşünas alimlər və hüquq fakültəsinin tələbələri üçün mühüm vəsaitə çevriləcəyi qeyd olunmuşdur.

Bildirilmişdir ki, on səkkiz minə yaxın sözü əhatə edən izahlı lüğət hüquq terminlərinin daha dəqiq anlaşılması məqsədilə hazırlanmışdır. Gələcəkdə Azərbaycanca-Türkcə izahlı lüğətin hazırlanması da nəzərdə tutulur.

Türkiyə Ədliyyə Akademiyasının nümayəndə heyəti ölkəmizə səfəri çərçivəsində həmçinin, Ali Məhkəmədə, Məhkəmə-Hüquq Şurasında, Hakimlərin Seçki Komitəsi, Baş Prokurorluqda və Bakı Dövlət Universitetində, Qafqaz Universitetində görüşlər keçirmişlər.

Eyni zamanda, qonaqlar ölkəmizdə məhkəmə sisteminin müasirləşdirilməsi üzrə aparılan islahatlara böyük maraq göstərərək apellyasiya və birinci instansiya məhkəmələrinə baş çəkmiş, o cümlədən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin yeni müasir binasında yaradılmış yüksək şəraiti, inzibati və ictimai zonaya bölünməsi kimi konseptual yenilikləri, İKT-lərin geniş tətbiqini təqdir etmiş, hakimlərin fəaliyyəti ilə maraqlanmış, təcrübə mübadiləsi aparılmışdır. Həmçinin, tədris kursu keçən hakimliyə namizədlərlə görüş keçirilərək onlar üçün Türk tərəfinin xüsusi hazırladığı vəsaitin təqdimatı olmuşdur.