Xəbərlər

Yerli Büdcə Gəlirlərinin Artırılması Üzrə Görülən İşlər Müsbət Nəticələrini Verməkdədir

2022-04-04


Yerli Büdcə Gəlirlərinin Artırılması Üzrə Görülən İşlər Müsbət Nəticələrini Verməkdədir

 

 Səmərəli yerli özünüidarəetmənin təşkili, bələdiyyələrin qanunvericiliklə müəyyənləşdirilmiş səlahiyyətlərinin həyata keçirilməsi üçün kifayət qədər maliyyə imkanlarının olması vacib şərtlərdəndir. Ölkəmizdə bir sıra obyektiv və subyektiv səbəblərdən bələdiyyələrin maliyyə vəziyyətində mövcud olan problemlər sirr deyil. Təəssüflər olsun ki, bir sıra bələdiyyələr yerli büdcənin gəlir mənbələrindən tam və səmərəli istifadə etmirlər. Hesab edirəm ki, yerli əhəmiyyətli məsələlərin həllində bələdiyyələrin rolunun artırılması üçün qanunvericiliklə müəyyənləşdirilmiş gəlir mənbələri üzrə yerli büdcələrə daxil olmaların təmini, eləcə də büdcə vəsaitlərindən səmərəli istifadə edilməsi zəruridir. Son dövrlərdə bu məsələ Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin də diqqət mərkəzindədir. Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi ilə bağlı 2020-ci il üzrə nazirliyin Milli Məclisə məruzəsində görmüşdük ki, bələdiyyələrin fəaliyyətinin təşkilinə kömək və metodoloji yardım tədbirləri çərçivəsində yerli büdcə gəlirlərinin artırılması məqsədilə müxtəlif istiqamətlərdə (yerli vergi və ödənişlərin düzgün hesablanması və ödənilməsi, vergi tutma obyektlərinin uçotunun dəqiqləşdirilməsi, icarə haqqlarının bazar qiymətlərinə uyğunlaşdırılması və s.) tədbirlərə başlanılmışdır. Hazırda bu tədbirlərin müsbət nəticələrini görməkdəyik. Məsələ ilə bağlı bəzi statistik rəqəmləri müqayisə üçün diqqətinizə çatdırmaq istərdim. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin 2021-ci il üzrə bələdiyyə orqanının büdcəsinin icrası barədə məlumatına əsasən ölkə üzrə bələdiyyələrin büdcə gəlirləri əvvəlki illə müqayisədə təxminən 6,6 milyon manat (19,1%) artaraq 41,6 milyon manat təşkil etmişdir. Diqqətəlayiq haldır ki, həmin artım yerli vergilərdən daxil olmaların artması hesabına olmuşdur. Belə ki, 2021-ci il üzrə yerli büdcələrə əvvəlki illə müqayisədə vergilərdən daxil olmalar 4,6 milyon manat (31,7%) çox olmuşdur. O cümlədən torpaq vergisindən daxil olmalar 20%, əmlak vergisindən daxil olmalar isə 40% artmışdır. Bakı bələdiyyələri üzrə isə yerli büdcə gəlirləri 2,5 milyon (27,3%) artmışdır. Yerli vergilərdən daxil olmalar 2,6 milyon manat (42%), o cümlədən torpaq vergisindən 349 min manat (29%), əmlak vergisindən daxil olmalar 2,2 milyon manat (45%) çox olmuşdur. Diqqətimi çəkən məqamlardan biri isə odur ki, əvvəlki illərin statistik məlumatlarına əsasən 2011-ci ildən hazıradək ilk dəfədir ki, məhz 2021-ci ildə bələdiyyələr 19 milyon manata yaxın vergi toplamışlar. Bələdiyyələrdən daxil olan məlumatlara əsasən bu Ədliyə Nazirliyi tərəfindən yerli vergilər üzrə vergi ödəyicilərinin və vergitutma obyektlərinin uçotununun dəqiqləşdirilməsi, vergilərin düzgün hesablanması və yerli büdcələrə ödətdirilməsi sahəsində həyata keçirilmiş tədbirlərin nəticəsidir. Daha bir məqamı vurğulamaq istərdim ki, ölkə üzrə bələdiyyə büdcələrinin ümumi gəliri yalnız 2013-2014-cü illərdə və 2021-ci ildə 40 milyon manatdan çox olmuşdur. Fərq ondan ibarətdir ki, 2013-cü (47,2 milyon) və 2014-cü (49 milyon) illərdə müvafiq olaraq yerli büdcə gəlirlərinin böyük hissəsini bələdiyyə əmlakının özəlləşdirilməsindən, başqa sözlə torpaq satışından daxil olan vəsait təşkil etmişdir. Belə ki, 2013-cü ildə torpaq satışından 23 milyon manat (ümumi büdcə gəlirlərinin 48,8%-i), 2014-cü ildə isə 20,5 milyon manat (ümumi büdcə gəlirlərinin 41,8%-i) daxil olmuşdur. Lakin qeyd etməliyəm ki, torpaq satmaqla bələdiyyənin fəaliyyətini təmin etmək, büdcə gəlirlərini artırmaq uğursuz və perspektivsiz addımdır. 2021-ci ildə isə yerli büdcə gəlirlərindəki əsaslı artım vergilərin toplanması, debitor borcların yığılması və s. mənbələr hesabına əldə edilmişdir. Torpaq satışı əksinə əvvəlki illə müqayisədə azalmışdır. Belə ki, ötən il bələdiyyə əmlakının özəlləşdirilməsindən (torpaq satışından) 6,8 milyon manat vəsait daxil olmuşdur ki, bu da ümumi büdcə gəlirlərinin cəmi 16,3 %-ni təşkil edir. Əlbəttə bələdiyyələrin maliyyə vəziyyətində baş verən müsbət dəyişikliklər onların yerli özünüidarəetmənin mahiyyətinə uyğun daha səmərəli fəaliyyət göstərmələrinə şərait yaradır. Qeyd edə bilərik ki, ötən il ərzində ölkə bələdiyyələri çoxsaylı yerli əhəmiyyətli məsələlərin həllində yaxından iştirak etmiş, bir sıra sosial layihələr həyata keçirmişlər. Xüsusilə də Vətən uğrunda canını fəda etmiş şəhidlərimizin ailələrinə və müharibə iştirakçılarına diqqət və qayğı göstərilməsi, onların problemlərinin həlli istiqamətində məqsədyönlü işlər görülmüşdür. Əminik ki, Ədliyyə Nazirliyi cari ildə də bələdiyyələrə qeyd olunan sahələrdə hərtərəfli köməklik göstərməkdə davam edəcək və bələdiyyələrin maliyyə vəziyyətinin daha da yaxşılaşmasının şahidi olacağıq.