Xəbərlər

Ədliyyə Akademiyasında İcbari Təlim Kursunun Açılışı Olub

2022-04-13

 

 

  

Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı nazirliyin bölgələrdə yerləşən icra və probasiya, həmçinin qeydiyyat qurumları (Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu istisna olmaqla) üzrə test imtahanından uğur qazanmış 35 namizədlə müsabiqənin ikinci mərhələsində cari ilin yanvar-mart aylarında fərdi qaydada qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirakı ilə aşkarlıq şəraitində söhbət aparılıb. Bu mərhələdə iştirak etmiş 35 namizəddən 17 nəfər nəticələrə görə zəruri keçid balı toplamış və Müsabiqə Komissiyası tərəfindən onların aprel ayının 6-dan etibarən Ədliyyə Akademiyasında xüsusi proqram əsasında peşə fəaliyyətinə buraxılışla əlaqədar icbari təlimə cəlb olunmaları barədə qərar qəbul edilib. Akademiyada 1 ay davam edəcək kursun proqramı müasir tədris metodu əsasında hazırlanıb. Kurs çərçivəsində ədliyyə sahəsində dövlət siyasətinin həyata keçirilməsi və tənzimlənməsi üzrə Ədliyyə Nazirliyinin fəaliyyət istiqamətləri, insan hüquqlarının müdafiəsinin beynəlxalq və milli mexanizmləri, inzibati icraat, hüquqi etika və psixologiya, korrupsiya ilə mübarizə, qanunvericiliyin yenilikləri və digər aktual məsələlərə dair mövzular tədris olunacaq. Namizədlərin mənəvi-estetik dünyagörüşlərinin artırılması məqsədilə mədəni proqramların təşkili , eyni zamanda ədliyyə orqanlarında təcrübə keçmələri nəzərdə tutulur. Aprelin 6-da Ədliyyə Akademiyasında icbari təlim kursunun açılışı olub. Nazirliyin Kadrlar idarəsinin rəisi Rauf Məhərrəmov və Akademiyanın rektoru vəzifəsini icra edən Elçin Xələfov tədbirdə müsabiqədən uğurla keçən namizədlərin peşə fəaliyyətinə buraxılmaları üçün keçirilən icbari təlimin əhəmiyyətindən danışıb, onlara gələcək fəaliyyətlərində müvəffəqiyyətlər arzulayıb, zəruri tövsiyələr veriblər. Kursun ilk günündə Azərbaycan ədliyyəsinin tarixi mövzusunda çıxış edən Akademiyanın müəllimi Səyyad Məcidov ölkəmizin ədliyyə sisteminin zəngin tarixindən, o cümlədən Şərqin ilk demokratik dövləti olan Azərbaycan Xalq Cümhuriyyəti dövründə ədliyyə fəaliyyətindən bəhs etmiş, ötən dövrdə ədliyyə sahəsində bir sıra normativ-hüquqi aktların qəbul edilməsi, məhkəmə-hüquq islahatlarının dərinləşdirilməsi və müasirləşdirilməsi, ədliyyə orqanlarının və məhkəmələrin işinin müasir dövrün tələblərinə və beynəlxalq standartlara uyğun təşkil edilməsi üzrə əldə olunan tarixi nailiyyətlərdən danışıb. Sonra təlimin proqramı üzrə digər mövzularda mühazirələr dinlənilib.

 

Ədliyyə Akademiyası