Xəbərlər

Yerli Özünüidarəetmə Sahəsində Beynəlxalq Təcrübə Mübadiləsi

2022-04-18


        Bələdiyyələrin fəaliyyətinin təkmilləşdirilməsi, bələdiyyə üzvü və qulluqçularının peşəkarlıq səviyyəsinin artırılması daim diqqətdə saxlanılır, xarici dövlətlərin yerli özünüidarəetmə orqanları, onların assosiasiyaları və ixtisaslaşdırılmış təşkilatları ilə təcrübə mübadiləsi aparılır. Azərbaycan ədliyyəsinin inkişafına dair 2019-2023-cü illər üçün Dövlət Proqramının icrası çərçivəsində cari ildə xarici ölkələrin yerli özünüidarəetmə orqanları ilə beynəlxalq əməkdaşlığın genişləndirilməsi üzrə tədbirlər davam etdirilərək Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzinin və bələdiyyələrin milli assosiasiyalarının birgə təşkilatçılığı ilə Türkiyə Respublikasının Kocaeli, Girəsun, Litva Respublikasının Druskininkay, Gürcüstan bələdiyyələrinin nümayəndələri ilə Azərbaycan bələdiyyələri arasında təcrübə mübadiləsi məqsədilə videokonfranslar keçirilib. Tədbirlərdə bələdiyyələr üçün dayanıqlı gəlir mənbələrinin formalaşdırılması, o cümlədən yerli vergi və ödənişlərin hesablanması, toplanması və yaranmış borcların bələdiyyə büdcəsinə ödənilməsi qaydaları barədə xarici təcrübə mübadiləsindən danışılıb, bələdiyyələr tərəfindən həyata keçirilən abadlıq, quruculuq işləri, qarşıda duran vəzifələrin icrası barədə məlumat verilib. Bələdiyyə müəssisələrinin yaradılma mexanizmi və fəaliyyət istiqamətləri, turizmin inkişafı üçün həyata keçirilən layihələrlə bağlı müzakirələr edilib. Onlayn tədbirlərdə həmçinin, yerli büdcə prosesində və bələdiyyə qərarlarının qəbulunda vətəndaşların iştirakı və bələdiyyələr tərəfindən görülmüş işlər barədə fikir mübadiləsi aparılıb. Bu sahədə bələdiyyələrin təcrübəsindən danışılıb, qarşılıqlı maraq doğuran suallar cavablandırılıb.