Xəbərlər

ƏDLİYYƏ AKADEMİYASINDA AZƏRBAYCAN RESPUBLİKASI VƏKİLLƏR KOLLEGİYASININ VƏ NAXÇIVAN MUXTAR RESPUBLİKASI VƏKİLLƏR KOLLEGİYASININ ÜZVLÜYÜNƏ NAMİZƏDLƏR ÜÇÜN İCBARİ TƏLİM KURSU BAŞLAMIŞDIR

2014-06-23

Ədliyyə Akademiyasında 23.06.2014-cü il tarixdə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının və Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasının üzvlüyünə namizədlərin peşə fəaliyyətinə buraxılmaları məqsədilə təşkil edilən icbari təlimin başlaması ilə əlaqədar tədbir keçirilmişdir.

 

Tədbirdə Ədliyyə Akademiyasının rektoru vəzifəsini icra edən E.Xələfov, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədri A.Tağıyev, Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasının sədri T.Hüseynov və Ədliyyə Akademiyası Vəkillərin ixtisasartırma və peşəyə buraxılış fakültəsinin dekan əvəzi A.Bağırov vəkilliyə namizədlər üçün təşkil olunan tədris kursunun açılışı ilə əlaqədar çıxış etmişlər.

 

Qeyd olunmuşdur ki, vəkilliyə namizədlər üçün 23.06.2014-cü il tarixdən 05.08.2014-cü il tarixədək təşkil olunan icbari təlim kursunun proqramı Ədliyyə Akademiyası və Azərbaycan Respublikası Vəkillər Kollegiyası tərəfindən birgə hazırlanmışdır.

 

Tədris kursunun proqramına vəkilliyə namizədlərin gələcək peşə fəaliyyəti üçün zəruri hesab edilən mövzular daxil edilmişdir. Belə ki, vəkilliyin hüquqi əsasları, təşkili, vəkilin mühakimə icraatında iştirakının xüsusiyyətləri, vəkillərin peşə fəaliyyətinin standartları, insan hüquqlarının müdafiəsi və Avropa Məhkəməsi, hüquqi yazı kimi məsələlərə xüsusi diqqət yetirilmişdir. Həmçinin tədris kursunun proqramına auditor məşğələlərlə yanaşı, məhkəmələrin və digər dövlət qurumlarının fəaliyyəti ilə tanışlıq daxil edilmışdir.

 

Təlimə mühazirəçi qismində Ədliyyə Nazirliyi və Ədliyyə Akademiyasının təcrübəli əməkdaşları, Bakı Dövlət Universitetinin alimləri, Ali Məhkəmə, Konstitusiya Məhkəməsi, Apellyasiya Məhkəməsi və birinci instansiya məhkəmələrinin hakimləri, tanınmış vəkillər, cəlb olunmuşdur.

 

 

Tədbirin yekununda bildirilmişdir ki, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının və Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasının üzvlüyünə namizədlər üçün Ədliyyə Akdemiyasında keçiriləcək icbari təlim vəkilliyə namizədlərin peşəkarlıq səviyyəsinin artırılmasında mühüm töhfə olacaqdır.