Xəbərlər

Ədliyyə Orqanlarına Qulluğa Qəbulla Bağlı Növbəti Test Imtahanı Keçirilib

2022-07-07


 

Ədliyyə Nazirliyinin kadr korpusunun zəruri peşə keyfiyyətlərinə malik müasir düşüncəli hüquqşünaslarla komplektləşdirilməsi məqsədilə davam edən müsabiqə üzrə növbəti qrup 141 namizədlə Dövlət İmtahan Mərkəzi ilə birlikdə iyulun 7-də kompüter vasitəsilə test imtahanı keçirilib.

Test imtahanında iştirakla bağlı ərizələrin qeydiyyatı elektron xidmət vasitəsilə aparılmaqla namizədlərə yalnız müvafiq ərizə təqdim etmələri kifayət olub. Namizədlərin yarıdan çoxu regionların, digər qismi isə ölkəmizin bölgələrində işləmək istəyən paytaxt sakinləridir, əksəriyyəti əmək fəaliyyətinə ilk dəfə ədliyyə orqanlarında başlamaq istəyən gənclər və hər üç nəfərdən biri qadınlardır.

Vətəndaş cəmiyyəti institutlarının nümayəndələri tərəfindən izlənilən imtahanının gedişi nazirliyin internet səhifəsi (www.justice.gov.az) vasitəsilə "on-line" rejimində birbaşa canlı yayımlanıb.

İmtahanın nəticələrinə dair namizədlərə yerindəcə arayış təqdim olunub və yekuna görə 70 nəfər müvəffəqiyyət qazanıb. Siyahı nazirliyin və DİM-in (www.dim.gov.az) internet səhifələrində yerləşdirilib.

Uğur qazanmış namizədlərin diqqətinə çatdırılır ki, müsabiqənin söhbət mərhələsində iştirak etmək üçün onlar qanunvericilikdə nəzərdə tutulmuş sənədlərini 15 gün ərzində, saat 9-dan 18-dək Ədliyyə Nazirliyinin Kadrlar idarəsinə (Bakı şəhəri, İnşaatçılar prospekti 1) təqdim etməlidirlər. Kadr sənədlərinin siyahısını və müvafiq nümunələri nazirliyin internet səhifəsindən əldə etmək mümkündür.

Xatırladırıq ki, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanunla müəyyən edilmiş tələblərə cavab verən namizədlər növbəti mərhələyə buraxılacaq və onlarla fərdi qaydada söhbət aparılacaqdır. Söhbətin keçirilmə vaxtı və yeri barədə namizədlərə məlumat veriləcəkdir.

Namizədlər üçün söhbət mərhələsinə mükəmməl hazırlaşmalarına və yüksək nəticələr əldə etmələrinə köməklik məqsədilə nazirliyin Ədliyyə Akademiyasında davamlı hazırlıq kursları təşkil olunur (Bakı şəhəri, Vidadi küçəsi 158, telefon: 493-71-31).

Əlavə informasiyanı nazirliyin internet səhifəsindən və (012) 538-01-62, (012) 538-08-85 nömrəli telefonlar vasitəsilə almaq olar.

Eyni zamanda bildirilir ki, hazırda ədliyyə orqanlarına qulluğa qəbulla bağlı keçirilən davamlı müsabiqədə iştirak etmək arzusunda olan ali hüquq təhsilli Azərbaycan Respublikasının vətəndaşları müraciət edə bilərlər.

Xatırladırıq ki, namizədin yalnız elektron ərizə ilə müraciət etməsi kifayətdir (www.exidmet.justice.gov.az). Ərizələr poçt vasitəsilə də göndərilə bilər (Bakı şəhəri, İnşaatçılar prospekti 1).