Xəbərlər

AZƏRBAYCAN RESPUBLİKASINDA APARILAN MƏHKƏMƏ-HÜQUQ İSLAHATLARI ÇƏRÇİVƏSİNDƏ YUVENAL ƏDLİYYƏNİN İNKİŞAFINA XÜSUSİ DİQQƏT YETİRİLİR

2014-11-29

Azərbaycan Respublikasında yuvenal ədliyyənin inkişaf etdirilməsi sahəsində Birləşmiş Millətlər Təşkilatı Uşaq Fondunun (UNİCEF) Azərbaycandakı nümayəndəliyi ilə sıx əməkdaşlıq edilir. Ölkəmizdə yuvenal ədliyyə islahatlarının dəstəklənməsi üçün 2008-ci ildən hal-hazıradək UNİCEF-lə birgə hər il üçün müvafiq fəaliyyət planı imzalanaraq icrası üzrə zəruri tədbirlər görülür. Sonuncu dəfə cari ilin aprel ayında UNİCEF-in  Azərbaycandakı nümayəndəliyi, Ədliyyə və Daxili İşlər Nazirlikləri arasında fəaliyyət planı imzalanmış və hazırda icrası həyata keçirilir.  

 

Həmin Fəaliyyət Planında ədliyyəyə çıxış sistemlərinin islahatına dəstəyin verilməsi, yuvenal ədliyyə prinsiplərinə dair məlumatlılıq səviyyəsinin artırılması və əlaqələndirmə prosesinin gücləndirilməsi, bu sahədə təlimlərin keçirilməsi kimi ənənəvi tədbirlərlə yanaşı, hüquq-mühafizə orqanlarının əməkdaşları arasında bilik və bacarıqların öyrənilməsi üzrə sorğuların keçirilməsi və müxtəlif regionlarda uşaqlar, onların ailə üzvləri üçün ödənişsiz hüquqi yardım xidmətlərinin göstərilməsi nəzərdə tutulur.

 

Qeyd edilən tədbirlərin davamı olaraq cari ilin oktyabr, noyabr aylarında hakimlər, prokurorlar və vəkillər üçün “Yuvenal Ədliyyə” mövzusunda tədris kursu keçirilmişdir. Təlimdə Baş Prokurorluğun Dövlət İttihamının müdafiəsi üzrə idarəsindən 2 prokuror, Bakı Ağır Cinayətlər Məhkəməsindən 3 hakim və Vəkillər Kollegiyasından 3 vəkil iştirak etmişdir.  30 saat həcmində tədris olunan kursun proqramında Yuvenal ədliyyənin anlayışı, tarixi və beynəlxalq əsasları, Yuvenal ədliyyənin psixoloji əsasları, yetkinlik yaşına çatmayanlara münasibətdə cinayət təqibinin həyata keçirilməsinin xüsusiyyətləri və bərpaedici ədalət mühakiməsi, yetkinlik yaşına çatmayanların əmək və mənzil hüquqları, yetkinlik yaşına çatmayanlara münasibətdə məhkəmə baxışının xüsusiyyətləri, yuvenal ədliyyə Azərbaycanda: nəzəri və təcrübi problemləri, yetkinlik yaşına çatmayanlar tərəfindən törədilən hüquq pozuntularının profilaktikası və digər mövzular əks olunmuşdur.

 

Mövzuların tədrisində hakimlər, UNİCEF-in ekspertləri, Ədliyyə Akademiyasının, Ədliyyə Nazirliyinin, Baş Prokurorluğun, Daxili İşlər Nazirliyinin, Yerli icra hakimiyyətinin, Ombudsman aparatının əməkdaşları mühazirəçi qismində cəlb edilmişlər. Gələcəkdə də qeyd edilən sahədə zəruri tədbirlər davam etdiriləcəkdir.